"Təbii ki, ilk baxışda bu, qəribə və hətta paradoksal görünə bilər, amma əslində burada gözlənilməz heç nə yoxdur. Çünki ehtimal böyükdür ki, növbəti mərhələdə Ukrayna ərazi güzəştlərinə məcbur ediləcək. Bu prosesi biz yüksək ehtimalla izləyə bilərik."
Politoloq Əli Zülfüqaroğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Lakin belə bir vəziyyətdə — daşla divar arasında qalan tərəf kim olacaq? Məlum olan odur ki, əgər bu vaxta qədər Ukraynanın ərazi güzəştləri, xüsusilə Krım məsələsi razılaşdırılıbsa — ki, mən belə düşünürəm — deməli, bu məsələ artıq pərdəarxasında həll olunub.
Əgər bundan sonra Ukrayna Birləşmiş Ştatların vasitəçiliyi ilə ərazi güzəştlərinə gedərsə, bu halda Donald Tramp həm beynəlxalq, həm də ABŞ-ın daxili ictimai rəyinin təzyiqi altına düşə bilər. Hesab edirəm ki, ABŞ öz maraqlarını təmin etdikdən sonra görüntü olaraq prosesdən geri çəkiləcək — yəni, hədəflərinə çatdıqdan sonra çəkiləcək.
Gözləntilərimə görə, bu mərhələdən sonra Zelenski ən azı atəşkəslə bağlı bir saziş imzalayacaq və ardınca Ukraynanın ərazi güzəştlərinə getməsi məsələsi aktuallaşacaq."