Türkiyədə hökm sürən anomal isti hava şəraiti çoxillik temperatur rekordlarının yenilənməsinə səbəb ola bilər.
Bu barədə "RİA Novosti" agentliyinə meteoroloq İhsan Yurttaş bildirib.
Onun sözlərinə görə, bu ilin yayında Türkiyədə temperaturun demək olar ki, ölkənin bütün ərazisində iqlim normasını aşacağı gözlənilir. Bəzi bölgələrdə isə göstəricilər rekord həddə yaxınlaşa və ya hətta onu ötə bilər.
Yurttaş qeyd edib ki, yay mövsümündə termometrlərin əqrəbi 40 dərəcəyə qədər yüksələ bilər, dəniz akvatoriyalarının yaxınlığı isə rütubət hissini daha da gücləndirəcək.
İsti hava şəraiti Egey dənizi sahillərində, o cümlədən Marmaris, Bodrum və Quşadası rayonlarında da gözlənilir. Mütəxəssisin qiymətləndirməsinə görə, bu yay ekstremal yüksək temperaturlu günlərin sayı çoxillik orta göstəriciləri keçə bilər.
Turistlərə günün orta vaxtı birbaşa günəş şüaları altında uzun müddət qalmamaq, bol maye qəbul etmək və yerli meteorologiya xidmətlərinin xəbərdarlıqlarını izləmək tövsiyə olunur.