Türk Yunusun ifa etdiyi saz niyə haram olur? - Tural İrfan yazır

Türk Yunusun ifa etdiyi saz niyə haram olur? - Tural İrfan yazır
12 Sen 2024 09:02
Allahın endirdiyi İslamın musiqiyə münasibəti müsbətdir. Mələk İsrafil də Qiyaməti Sur çalaraq marşla başlayacaq.
Əzan, Quran özü xüsusi məqamlar üzrə oxunur.
Evliya Çələbi yazır ki, Musa peyğəmbər çobanlıq edərkən ney çalardı.
Həzrət Muhəmməd Mədinəyə hicrət edəndə onu musiqi ilə qarşlamışdılar.
Musiqidən uzaq adamlar qəddar, quru olur, mənəvi aləmi zəngin olmur. Şübhəsiz ki, normal, klassik musiqidən söhbət gedir.
Böyük İslam filosofu Əbu Əli bin Sina yazırdı ki, ürək xəstəlikləri də daxil olmaqla bir çox xəstəlikləri musiqi ilə müalicə etmək mümkündür.
Bu gün dünyanı qana çalxayanların çoxu musiqini haram bilənlərdir. Ancaq bir musiqiçinin qan tökdüyünü nadir halda görərsiniz.
Musiqi də Allahın bir nemətidir. Quşların nəğmə oxuması, küləyin, şəlalənin, çayın səsi də musiqidir. Bax, Betxoven, Motsart kimi bəstəkarlar bir çox simfoniyaları təbiətdən ruhlanaraq yazıblar.
Himnimiz də musiqidir. Dədəmiz Qorqud da qopuz sədaları ilə öyüd verib. Babamız Koroğlu da telli sazı ilə dəlilərini cuşa gətirib. Təbəri yazır ki, Babəkin Bəzz qalasında həmişə Tanbur sədaları ucalardı.
Şah Xətai də musiqiyə, saza böyük önəm verib.
Musiqi haram olsa idi Qiyamət Sur səsi ilə başlamazdı. Sur ifası da musiqidir. Musiqinin haram olması ilə bağlı rəvayətlər Peyğəmbərdən çox sonralar uydurulub və həqiqəti əks etdirmir.
İslam sadəcə eyş-işrət musiqisini, insani duyğuları korşaldan, günaha təşviq edən musiqini məqbul saymır.
Musiqi ruhun qidalarından biridir. Adicə Quranı musiqisiz, avazsız oxuyanda beş adam qulaq asırsa gözəl səslə oxuyanda min adam qulaq asır. İnsan səsi, avazı da bir musiqidir. Meşədə sınmış bir ağacın qamqalaqlarını külək vurub yellədir, uzaqdan xoş musiqi bəstəsinin sədası gəlir. Neyləyək, o ağacı tapıb yandıraqmı ki, haramdır?
Bu gün musiqiyə haram deyən ölkələrin özündə də dövlət himni var. Əsgər marşları var. Hərbi, mülki orkestr var. Televiziyada xəbərlər və digər proqramların arasında musiqi, simfoniya səslənir. Neyləsinlər, bəyquş kimi matəmə bürünsünlər? İslam yalnız matəm, bədbinlik, ağlaşma, ruhu həbs etmək dinidir? Əsla belə deyil. Hind mahnılarının melodiyalarını, xalq mahnılarımızın musiqisini, hətta Üzeyir Hacıbəylinin bəstəsini oğurlayıb mərsiyyə oxumaq halaldır, ancaq saz ifasında İmam Əli mədhinə aid şeir demək haramdır? Adını "dərviş toyu" qoyduğunuz toylarda sintezator sədaları altında pul yığmaq üçün ağlınıza gələni oxumaq halaldır, ancaq Üzeyir bəyin "Koroğlu üvertürası"na qulaq asmaq haramdır? İran və Səudiyyə televiziyalarındakı konsertlər, ifalar halaldır, amma Azərbaycanda milli musiqi haramdır?
Bəlkə Allahın ərəb və farslara xüsusi imtiyazı var, bizə haram olanlar onlara halaldır?
İnsanları, gəncləri musiqidən, ədəbiyyatdan, mədəniyyət və incəsənətdən uzaqlaşdırıb manqurtlaşdırmayın. Bunu da İslam adına yazıb Allahın dinini təhrif etməyin.
İnsanlığa, bəşərin ümumi nizamına, inkişafına, mənəvi zənginliyə xidmət edən hər bir halal vasitə CAİZDİR.
Musiqidən uzaq düşənlər ona görə qəddar olur, ona görə kinli olur ki, İbn Sina demişkən musiqi şifadır. Bu şifadan uzaq düşən, əlbəttə radikal olacaq, xəbis olacaq, həmişə düşmən axtarışında olacaq, Quran təbiri ilə desək, qəlbi mərəzli və möhürlənmiş olacaq. Çünki musiqi qəlbi yumşaldır, ruhu təzələyir, qan dövranını yaxşılaşdırır, onun öz dili var. Musiqi, insanın Allahın nemətlərini xatırlayıb düşünməsinə vəsilə olur...
Sur, indiki dillə desək qaboydur. Quranda Qiyamət gününün başlanğıcı və dirilmə zamanı mələk İsrafilin Sur çalacağı dəfələrlə vurğulanır. Görün o necə həzin, necə ecazkar musiqi olacaq ki, insanlar eşidərkən ruhları canlarını tərk edəcək. Sonra isə tam fərqli bir oyanış nəğməsi çalınacaq ki, ruhlar bədənlərə qayıdacaq, hamı diriləcək. Bu, Allahın musiqiyə verdiyi ən ali dəyər və qiymətdir. Çünki bu proses musiqisiz, təkcə bir komanda ilə də baş verə bilərdi. İnsan səsi ilə, əzan səsi ilə də ola bilərdi, amma Allah bunun məhz Sur çalınmaqla baş verməsini istəyir.
Musiqidən uzaqlaşdırmaqla müsəlmanların mədəniyyətdən, mənəviyyatdan uzaqlaşmasını təmin ediblər. Daxili aləmlərini həmişə gərgin saxlamaqla, ruhi sıxıntılarla radikalizmə, xurafata çəkiblər. Halbuki təmiz musiqi insanı Allahdan uzaqlaşdırımır, əksinə yaxınlaşdırır.
Sufilər ney çalır, qaval çalır, rəqs edir, amma saza çatanda deyir haramdır, niyə? Çünki farsın türk düşmənliyi sazı qəbul edə bilməzdi.
Bunu etiraf etmək lazımdır ki, Türk aləminə İslam farsın vasitəsi ilə daxil olub. Təkcə orta Asiyanın bəzi nahiyyələri Əməvilər tərəfindən işğal edilib, onlar da Əməvi islamını əxz etməyə məcbur olublar. Səlcuqlu zamanında fars vəzir Nizamülmülk və onun açdığı Nizamiyyə mədrəsələrinin rektoru yenə fars Qəzzali şübhəsiz ki, din pərdəsi altında fars dəyərlərini, adətlərini şüurlara yeridirdi.
Necə olur fars Mövlananın çaldığı ney halal olur, türk Yunusun ifa etdiyi saz haram olur?

Tural Irfan, MCP- sədrinin müavini
All

Youtube kanalımız

Oxşar xəbərlər