"Elza Seyidcahan bəlkə də yaxşı insandır, amma şair deyil"- Tural İrfan yazır

"Elza Seyidcahan bəlkə də yaxşı insandır, amma şair deyil"- Tural İrfan yazır
19 Sen 2024 09:57

Elza Seyidcahanın cızmaqaraları şeir deyil. Onun söylədiklərinə şeir demək əsl şeirin nüfuzunu salmaqdır, ciddi poeziyanı şübhə altına almaqdır. Xətir-hörmət öz yerində, amma gəlin nizamı pozmayaq. Bəstəkardır, olsun. Müğənnidir, olsun. Ola bilsin yaxşı da insandır, bu da lap yaxşı. Amma adam şair deyil, yazdıqları şeir deyil. Şeiri, ədəbiyyatı, poeziyanı (hələ şairləri demirəm!) təhqir etməkdir, (hələ xalqı, cəmiyyəti demirəm!)

Onun söylədiyi hədyan söz qoşqusunu istənilən şəxs, istənilən vətəndaş, hətta şüur səviyyəsi inkişaf etməmiş uşaqlar belə saatlarla deyə bilər. Sadəcə hamı abrını gözləyir və əsl şeirə hörmət edir.

Əzbərində şeir olmayan orta təhsilsiz sərxoş kombayn sürücüsünün sağlıq deyərkən özündən söz qondarmasını xatırladır bu. Heç savadsız qoca nənələrimiz bədahətən bayatı deyəndə belə hədyan sözlər söyləmir.

Birinci Qarabağ savaşı vaxtı uşaqkən taxtadan avtomat düzəldib rezin çaxmağın ortasına qıxmıq qoyub bururduq, sonra barmaqla azca aşağı dartanda qıxmıq qundağa toxunduqca avtomat səsi verirdi. Hərbçilər toyda, şənlikdə əsl avtomatdan göyə atəş açanda biz də taxta avtomatdan atırdıq. Elza xanımın "şeirləri" həmin taxta avtomatı xatırladır. Adam bəlkə bəstəkardır, müğənnidir, şair də olmaq istəyir. Özü də fərqli şair olmaq istəyir, geyimi, tərzi fərqli olduğu kimi. Amma şeirin, ədəbiyyatın, poeziyanın, əruzun, vəznin, qafiyənin, hecanın, qoşmanın, qəzəlin, sərbəst şeirin, lap postmodern şeirin əlifbasını, "notu"nu bilmir. Dediklərindən bilinir ki, çox ədəbiyyat da oxumayıb. Çünki oxusaydı ən azı oxuduqları dediklərinin içində az da olsa təzahür edərdi, bəlkə də təkrar olunardı, necə ki, eşitdiyi məşhur söyüşləri təkərrür etdirir... Ona, "şairsən, gözəl yazırsan, sən dahisən..."  deyənlər əslində ona yaxşılıq etmirlər, onu hörmətdən salırlar, abrını aparırlar. Onun bu cür əcaib sözləri bəlkə də yaxşı bəstəkar olmasını da, bəlkə də yaxşı müğənni olmasını da şübhə altına salır. Belə təəssürat və təsəvvür yaranır ki, onun bəstələri də elə "şeirləri" kimidir, əgər babatı varsa kimsə düzəliş verir yaxud başqası yazır...

 Adam ədəbiyyata, sözə sığal çəkmir, sözü, cırmaqlayır, müqəddəs sözü nəcisə batırıb atır cəmiyyətə sarı. Belə sözlərə hədyan danışıq, söz yığını, cəfəngiyyat deyirlər publisistikada, jurnalistikada, lap elə ədəbiyyatda da. Kim ki, onu şair olduğuna inandırıb, vallah ona pislik edib.

Hərə fərqli yollar arayıb fərqli görünmək istəyir. Guya müasirlikdir deyə açıq-saçıq, əbəbsiz sözlər israf etmək, əxlaqa, milli mentalitetə zidd davranış sərgiləmək, avropasayağı davranmaq, özünü kimlərəsə oxşatmaq inkişafmış, çağdaş ədəbiyyatmış, poeziyaymış...

Daş ustası hörgüdə öz nöqsanını qayıdıb düzəldir, iş sahibinə görə yox. Ona görə ki, başqa ustalar, digər iş gördürmək istəyənlər görüb onun naşı olduğu qənaətinə gəlməsinlər. Elza xanımın bu üslubda yazdıqlarını yenə də birtəhər "özünəməxsus dəsti-xətti var" adı ilə bəlkə də o zaman qəbul etmək olardı ki, heç olmasa normal şeir üslubunda bircə dənə nümunəsi olaydı. Tutaq ki, qaydası yerində normal bir qoşması, sərbəst şeiri olaydı. Yaxud elə bu üslubda bircə normal, yadda qalan, xoşa gələn yazısı olaydı. Mənalı bir şey olsaydı yenə ondan yapışıb qəlibi, qaydanı qəribliyə salmaq olardı... Onda demək olardı ki, bəli, adam şeirin, ədəbiyyatın qaydasını, dilini bilir, ancaq sadəcə başqa üsul seçib. Axı bu, əlifba bilməyən uşağın hərflərin şəklini çəkməsinə bənzəyir ki, qələmi də mürəkkəb axıdır...

Harda müqəddəs, harda abırlı, harda salamat nə qalıbsa sanki ona əl uzatmağa, onu da öz boyasına boyamağa çalışır çoxu. Şeiri, ədəbiyyatı, nəzmin əzmini ucuzlaşdırıb hörmətdən salmaq üçün, klassiklərimizin ruhunu çığnamaq üçün bundan başqa təhqir ola bilməzdi...

Ördək, qaz yerişi yeriyəndə öz yerişini də itirir. Deyirsiniz adam bəstəkardır, qoy musiqisini bəstələsin, yazıqdır. Yoxsa qaz verib çıxarıbsınız efirə ki, sən şairsən, döşə getsin. O da ağzını açıb gözünü yumub. Cəfəngiyyat söyləsə belə, hətta sayıqlasa belə adamın dilindən çıxanlar onun hisslərini, düşüncəsini, bəzən də savadını, təhsilini, daxili aləmindəki potensialı ortaya qoyur. Bəzi adamlar danışanda tanınır. Onun daxili aləmi də bu cəfəng sözlərlə üzə çıxır. Əgər onun bəstələdiyi musiqiləri sözə çevirmək olsaydı, yəqin ki, bu sözlərdən fərqli olmazdı.

Bu xanımın şeir adına ağzından çıxanlar küçə söyüşlərinin (amma elə söyüşlər küçədə də istifadə edilmir!) baş hərflərinin dəyişdirilərək, sətiraltı mənada cəmiyyəti təhqir etməyin "yeni ədəbi üsuludur.)

O deyir:"tikim sizin ağzınızı". Bunu yəni başa düşməyən var? Kimə ünvanlayır bunu?

Guya tənqid olunmaqla, axarın əksinə üzməklə tarixə düşmək, yadda qalmaqmı istəyir? Utanmasan oynamağa nə var ki... Onda başqaları da çıxacaq, onun cığırı ilə başlayacaqlar tərbiyəsiz, qeyri - etik söz yığınından ibarət "şeir" söyləməyə. Yenə bu bəstəkardır, müəyyən qədər efir mədəniyyəti-filan var. Amma başqasında bu olacaqmı? Sərhədsiz söyüş yığınından ibarət söz qoşub şairlik eşqinə düşənlərə nə demək olacaq? Sən də şairsən, sağ ol!

Tural İrfan, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü


Youtube kanalımız

Oxşar xəbərlər