Prezident İlham Əliyev: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”
Artıq türk dövlətləri Avropada öz həmrəyliyini nümayiş etdirirlər. Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunun bariz nümunəsidir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Türk dünyasının birliyinin
gücləndirilməsi məsələsini önə çəkən Prezident İlham Əliyev çıxışında Türk
dünyasının birliyinin və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici
siyasətinin prioritet istiqaməti olduğunu vurğulamışdır. O, Türk ölkələri ilə
əlaqələrin genişləndirilməsinin və təşkilatın siyasi, iqtisadi və hərbi
qüdrətinin artırılmasının vacibliyini qeyd etmişdir: “Türk Dövlətləri
Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk
qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir.
Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci
qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.
Prezident Sadır Japarovu Qırğızıstanın hazırda
təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk
Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə
görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə
təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu
il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə
tutulur”.
Bu gün TDT-nin geosiyasi əhəmiyyət və əməkdaşlıq
perspektivləri gündəmdədir. Macarıstanın Baş naziri Viktor Orban, TDT-nin Qərb
ilə Şərq arasında əməkdaşlıq üçün vacib bir təşkilat olduğunu bildirmiş və
Prezident İlham Əliyevə regionda sülh şəraitində yaşamaq imkanı yaratdığı üçün
təşəkkür etmişdir.
Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatında
(TDT) üzv ölkələr arasında ən fəal və təşəbbüskar dövlətlərdən biri kimi çıxış
edir. Azərbaycan TDT-nin (əvvəlki Türk Şurasının)yaradılmasında əsas rol
oynamış ölkələrdən biridir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə
təşkilatın təsis olunması Azərbaycan torpağında baş verməsi baxımından simvolik
əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Türk dünyasında birlik və əməkdaşlıq
ideyasına verdiyi strateji dəstəyi göstərir. Prezident İlham Əliyev təşkilatın
Zirvə görüşlərində və digər tədbirlərində davamlı və fəal şəkildə iştirak edir,
çoxsaylı mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan beynəlxalq platformalarda
Türk dünyasının maraqlarını müdafiə edən fəal üzv kimi tanınır. Qarabağ
müharibəsindən sonra Türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstək və
Şuşa Zirvəsi, Azərbaycanın TDT daxilində geosiyasi və mənəvi liderliyini daha
da gücləndirdi. 2023-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü
Azərbaycanın simvolik və real gücünün göstəricisi idi. Azərbaycan ortaq türk
irsinin qorunması və təbliği, təhsil və elm sahəsində əməkdaşlığın inkişafı
istiqamətində mühüm işlər görür. Bakı və Şuşa şəhərləri TDT-nin mədəniyyət
paytaxtları elan olunmuş, burada bir çox beynəlxalq tədbirlər təşkil edilmişdir.
Həmçinin Azərbaycan TDT çərçivəsində qurumların
gücləndirilməsinə hüquqi çərçivələrin formalaşdırılmasına və əməkdaşlıq
mexanizmlərinin yaradılmasına dair layihələrə aktiv şəkildə qoşulur.
Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu liderlik, təşəbbüskarlıq və
strateji baxışla xarakterizə olunur. İstər siyasi, istər iqtisadi, istərsə də
mədəni sahələrdə Azərbaycanın fəallığı, TDT-nin daha səmərəli və inteqrasiya
olunmuş təşkilata çevrilməsində mühüm rol oynayır. Azərbaycanın bu təşəbbüskar
mövqeyi həm də Türk birliyinin davamlılığının və gələcəyinin təminatçısı kimi
dəyərləndirilir.
Prezident İlham Əliyev Budapeştdə çıxışında TDT
ölkələrinin zəngin təbii resurslara və müasir nəqliyyat infrastrukturuna malik
olduğunu qeyd etmişdir. O, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz
limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulamışdır:
“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər
ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir
yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük
həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin
Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon
ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış,
müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars
dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5
milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm
veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və
ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın
yaradılması layihəsi üzərində işlər davam etdirilir”. Türk dövlətləri arasında
nəqliyyat sahəsində əməkdaşlıq son illərdə Türk Dövlətləri Təşkilatının (TDT)
əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Coğrafi baxımdan strateji
mövqe tutan bu ölkələr Asiya ilə Avropa arasında körpü rolu oynayır və bu,
nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır.
Çin–Mərkəzi Asiya–Xəzər
dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə və Avropa xətti üzrə uzanır. Bu dəhliz Türk
dövlətlərini birləşdirir və Çin–Avropa ticarətinin mühüm altertenativ yoludur.
Azərbaycan bu marşrutda əsas tranzit və logistika mərkəzlərindən biri kimi
çıxış edir (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, BTQ dəmir yolu, Ələt Azad
İqtisadi Zonası və s.).
Türk dünyası üçün əhəmiyyətli olan
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə
arasında qurulmuşdur, lakin Orta Asiya və Türk dövlətləri üçün Avropaya çıxış
baxımından əsas dəhlizdir. BTQ vasitəsilə Mərkəzi Asiyadan Avropaya
yükdaşımalar mümkün olur.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Zəngəzur
dəhlizi Naxçıvanla quru əlaqəsinin bərpası və Türkiyə ilə birbaşa dəmir yolu
bağlantısının qurulması məqsədi daşıyır.
Eyni zamanda, bu dəhliz Türk dünyasının
inteqrasiyasını gücləndirən strateji arteriyadır.
TDT çərçivəsində nəqliyyat nazirlərinin görüşləri
keçirilir, birləşmiş nəqliyyat şəbəkəsinin formalaşdırılması, vahid tarif
siyasəti, rəqəmsal gömrük və nəqliyyat sənədlərinin uyğunlaşdırılması
istiqamətində razılaşmalar əldə olunur. Bu tədbirlər daşımaların səmərəliliyini
artırmaq və maliyyətləri azaltmaq məqsədi daşıyır.
Türk dövlətləri arasında birgə avia marşrutlar və
hava nəqliyyatının liberallaşdırılması məsələləri gündəmdədir. Bu sahədə
əməkdaşlıq turizm, biznes və humanitar əlaqələrin inkişafına da xidmət edir.
Azərbaycan bütün bu layihələrdə tranzit ölkə, logistika qovşağı, nəqliyyat
təşəbbüskarı kimi çıxış edir. Azərbaycan həmçinin nəqliyyat sahəsində
rəqəmsallaşma, yaşıl logistik həllər və multimodal daşımalar üzrə yenilikçi
addımlar atır.
Türk dövlətləri
arasında nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi inteqrasiyanın təməl
sütunlarından biridir. Bu əməkdaşlıq sayəsində Türk dünyası daha dayanıqlı,
sürətli və müasir logistik şəbəkəyə sahib olur və bu da regionun geosiyasi və
geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın təşəbbüsləri və strateji mövqeyi
bu prosesdə mərkəzi rol oynayır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi