Turan Beynəlxalq Universitetinin rektoru Axadxan Najmıtdınov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
News365.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Elmi əlaqələrin inkişafı, müəllim, tələbə mübadiləsi hər iki ölkənin beynəlxalq elmi əməkdaşlığı imkanlarının artırılması baxımından çox önəmlidir.
ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri, layihələr, beynəlxalq proqramlar haqqında qonağa məlumat verilib.
Axadxan Najmıtdınov səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qonaq bildirib ki, Turan Beynəlxalq Universiteti ADU ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə müzakirə olunan məsələlər sırasında müəllim, tələbə mübadiləsinin rolu önə çəkilib. Hər iki universitetin QS reytinqlər cədvəlində fərqlənməsi və beynəlxalq əməkdaşlığa üstünlük verməsi yeni perspektivlərdən xəbər verir.
Turan Beynəlxalq Universiteti elmi mübadilə çərçivəsində ADU tələbələri üçün müxtəlif qrantların ayrılması, təhsil müddətində tələbələr üçün kampuslarda əlverişli şəraitin yaradılması ilə bağlı fikirlər səsləndirilib.
Görüş gələcək elmi əməkdaşlıq ətrafında aparılan müzakirələrlə davam edib.
Qeyd edək ki, Turan Beynəlxalq Universiteti Namanqan rayonunda yerləşən Özbəkistanın ən müasirləşdirilmiş özəl universitetlərindən biridir.