TRIPP mesajının arxasında: Ermənistan Bakının yaratdığı reallığı etiraf edir

TRIPP mesajının arxasında: Ermənistan Bakının yaratdığı reallığı etiraf edir
10:40

Ermənistan Prezidentinin TRIPP layihəsi barədə “regiona yeni imkanlar açır” mesajı əslində reallığı etiraf etmək cəhdidir: Bu gün Cənubi Qafqazda problemlərin həlli artıq yalnız bəyanatlar və xarici vasitəçiliklə deyil, real güc və siyasi iradə ilə müəyyən olunur. Son illərin təcrübəsi açıq göstərdi ki, regionda nə sülh gündəliyi, nə də kommunikasiya xətləri kənardan diktə ilə deyil, məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq üzərindən formalaşır.

Politoloq Tural İsmayılov News365.az-a bildirir ki,  44 günlük Vətən müharibəsindən sonra status-kvonun dəyişməsi ilə Cənubi Qafqazda söz sahibi olan əsas aktor məhz Bakı oldu:


"Bu gün istər Zəngəzur dəhlizi, istər regional nəqliyyat xətləri, istərsə də enerji-logistika marşrutları Azərbaycanın maraqları və razılığı olmadan reallaşa bilməz. Bu mənada TRIPP kimi təşəbbüslərin “əməkdaşlıq platforması” olması üçün ilk şərt Azərbaycanın yaratdığı yeni düzənlə barışmaqdır. Ermənistanın bunu tərəfdaşlıq dili ilə ifadə etməsi isə gecikmiş məcburiyyət təsiri bağışlayır.

Politoloq həmçinin qeyd edir ki, regionda əsas risk məhz güc balansını görməzdən gələn layihələrdir.

"Azərbaycanın təhlükəsizlik arxitekturasını formalaşdıran əsas oyunçuya çevrilməsi fonunda istənilən təşəbbüs ya bu reallığa uyğunlaşacaq, ya da kağız üzərində qalacaq. Bakı artıq göstərib ki, problemləri masada deyil, lazım gəldikdə meydanda da həll etmək gücünə malikdir. Məhz bu güc faktoru bu gün regionu xaosdan çıxarıb nisbətən idarəolunan fazaya gətirib.

Amma hər hansı layihə Bakının iradəsi nəzərə alınmadan “əməkdaşlıq” şüarı ilə irəli sürülərsə, onun regionda dayanıqlı platformaya çevrilmə şansı yoxdur. Yeni regional düzənin müəllifi artıq bəllidir və bütün təşəbbüslər bu gerçəklik üzərində ölçülməlidir."


Sizin reklam burada
Sizin reklam burada