Yaxın Şərqdə artan gərginlik fonunda qlobal ticarət yollarının təhlükəsizliyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə strateji dəniz keçidlərinin bağlanması ilə bağlı səslənən açıqlamalar dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır.
Politoloq Turan Rzayev News365.az-a bildirib ki, Yəməndə fəaliyyət göstərən Ənsar Allah (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsurun Bab əl-Məndəb boğazı bağlı səsləndirdiyi açıqlamalar qlobal bazarlarda ciddi narahatlıq doğurur.
Onun sözlərinə görə, Mənsur boğazın bağlana biləcəyi ilə bağlı xəbərdarlıq edib və belə bir ssenaridə dünya bazarında neftin qiymətinin bir barel üçün 200 dollara qədər yüksələ biləcəyini qeyd edib. Eyni zamanda, bu addımın xüsusilə Avropa iqtisadiyyatına ağır təsir göstərəcəyi vurğulanıb.
Politoloq qeyd edir ki, Bab əl-Məndəb boğazı dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Buradan gündəlik milyonlarla barel neft və böyük həcmdə yüklər daşınır. Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda bu marşrutun əhəmiyyəti daha da yüksəlib.
Ekspertin fikrincə, husilərin bu boğazı tam şəkildə bağlamaq imkanları nəzəri baxımdan səslənsə də, praktik olaraq son dərəcə çətin və risklidir. O bildirib ki, belə bir addım üçün genişmiqyaslı hərbi imkanlar, daimi dəniz nəzarəti və hava üstünlüyü tələb olunur ki, bu da qeyri-dövlət silahlı qruplaşma üçün real görünmür.
Turan Rzayev vurğulayıb ki, mümkün blokada halında beynəlxalq reaksiya sərt olacaq. Belə ki, Çin, Avropa İttifaqı və Hindistan kimi böyük iqtisadi güclərin maraqları zərbə altında qalacaq. Bu isə məsələnin qlobal təhlükəsizlik gündəminə çıxmasına və hərbi müdaxilə ehtimalının artmasına səbəb ola bilər.
Politoloq əlavə edib ki, region ölkələri – Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri üçün də bu boğaz həyati əhəmiyyət daşıyır və belə bir addım onların koordinasiyalı hərbi reaksiyasına səbəb ola bilər.
Sonda qeyd olunub ki, husilərin boğazı tam bağlaması real görünməsə də, vaxtaşırı hücumlarla qlobal ticarətə təsir göstərməsi mümkündür. Bu isə enerji qiymətlərində artım, logistika xərclərinin yüksəlməsi və alternativ marşrutlara yönəlmə kimi nəticələr doğura bilər.