Brüssel Şəhər Məhkəməsi Rumıniya və Polşanı COVID-19 əleyhinə artıq qalan peyvəndlərə görə "Pfizer" şirkətinə 1.9 milyard avro ödəməyə məhkum edib. Ölkələr bu peyvəndləri Avropa Komissiyasının bağladığı müqavilələr əsasında almaq öhdəliyi götürmüşdülər.
News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, məhkəmə şirkətin tələbini təmin edərək COVID-19 peyvəndləri üzrə müqavilə öhdəliklərinin tam ödənilməsinə qərar verib: Polşa tərəfindən 1.3 milyard avro, Rumıniya tərəfindən isə 600 milyon avro ödənilməlidir.
Hər iki ölkə 2022-ci ildə peyvəndlərin alışını davam etdirməkdən imtina etmişdi. Bu qərar ehtiyatların həddindən artıq çox olması, preparatların koronavirusun yeni ştamlarına qarşı səmərəsizliyi, həmçinin Ukraynadakı münaqişə səbəbindən büdcə vəsaitlərinin çatışmazlığı ilə əsaslandırılmışdı.
"Pfizer" Polşa və Rumıniya hökumətlərinə qarşı iddianı 2023-cü ildə qaldırıb. İddia peyvəndlərin alışı üzrə müqavilələrin bağlandığı yer olan Brüssel məhkəməsinə təqdim edilib.