“ABŞ-ın
müharibə naziri Pit Heqset martin 31-də keçirdiyi mətbuat konfransında “Rusiya
və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilirik” ifadəsini işlədib.
Pentaqon başçısı Rusiya və Çinin İranla bağlı konkrett “nə etdiklərini”
açıqlamasa da, Pit Heqset Moskva və Pekinlə mübarizə apardıqlarına işarə edib”.
Bunu sosial
hesabında politoloq Elxan Şahinoğlu yazıb.
O, əlavə
edib ki, ABŞ-ın müharibə naziri böyük ehtimalla Rusiya və Çinin İrana hərbi dəstəyini
davam etdirməyə çalışdığını demək istəyib:
“Müharibədən
əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq
indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi,
İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz
üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi
texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də
riskləri mövcuddur.
Bu arada,
Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü
ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı
Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir:
Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal
dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi
və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün
istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq
Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı
həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi
olacaqlarını bildirmişdilər. Görünür, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda
qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər. Ancaq
Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla
Çinin birgə təkliflərinə reaksiya veriblər.
Vaşinqton
Pekinin vasitəçiliyini qəbul etmək istəmir. Çinin informasiya resursları Yaxın
Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu
vurğulayırlar. Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan,
sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı
müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün
başladıb". Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal
obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır
ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin
gücünü zəiflətməyə çalışmaqdır”.
News365.az