"Dövlətlər artıq daha çox öz milli maraqlarını ön plana çıxarır və İranla münasibətləri balanslaşdırmağa çalışırlar."
Politoloq Əhməd Şahidov News365.az-a bildirib ki, münaqişə və müharibələrin ilk günlərində dövlətlərin yanaşması ilə sonrakı mərhələlərdəki mövqeləri ciddi şəkildə fərqlənir.
Onun sözlərinə görə, müharibənin başlanğıcında Avropa ölkələri İrana qarşı sərt mövqe sərgiləyərək sanksiyalar tətbiq edir və ölkədə rejim dəyişikliyinin qaçılmaz olduğunu vurğulayırdı. Lakin zaman keçdikcə və münaqişə uzandıqca, İranın müqavimət qabiliyyəti, eləcə də Çin və Rusiya kimi ölkələrin Tehrana dəstəyi fonunda beynəlxalq münasibətlərdə yeni yanaşmalar formalaşmağa başlayıb.
Ekspert qeyd edib ki, İranın uzunmənzilli, təxminən 4 min kilometr məsafəni vura bilən ballistik raket potensialı regionda və Avropada ciddi təhlükəsizlik narahatlıqları yaradır. Bu imkanlar nəzərə alınaraq, dövlətlər artıq daha çox öz milli maraqlarını ön plana çıxarır və İranla münasibətləri balanslaşdırmağa çalışırlar.
Politoloqun fikrincə, xüsusilə Hörmüz Boğazı ətrafında vəziyyət diqqət mərkəzindədir. O bildirib ki, bir sıra ölkələr öz bayraqları altında üzən gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün İranla daha konstruktiv münasibətlər qurmağa çalışır. Bu kontekstdə bəzi Avropa ölkələri ilə Tehran arasında diplomatik təmasların intensivləşdiyi vurğulanır.
Emmanuel Makron ilə İran prezidenti arasında baş tutan telefon danışığı da buna nümunə kimi göstərilir. Danışıqlar zamanı Fransa gəmilərinin Hörmüz Boğazından keçidi və İranda saxlanılan Fransa vətəndaşlarının azadlığa buraxılması məsələləri müzakirə olunub.
Əhməd Şahidov əlavə edib ki, yaranmış vəziyyət NATO daxilində də müəyyən suallar doğurur. Onun sözlərinə görə, münaqişə birbaşa NATO ərazisini əhatə etmədiyi üçün alyansın kollektiv müdafiə mexanizmi – 5-ci maddə işə düşmür.
Ekspert hesab edir ki, müharibə başa çatdıqdan sonra ABŞ tərəfindən atılacaq addımlar və alyans daxilində formalaşacaq yeni yanaşmalar beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsir göstərə bilər.