“Təyyarəyə kənar müdaxilə edildiyi təkzibolunmaz faktdır”- İlyas Hüseynov

“Təyyarəyə kənar müdaxilə edildiyi təkzibolunmaz faktdır”- İlyas Hüseynov
16:55

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlanıb.

Mövzu ilə bağlı Politoloq İlyas Hüseynov News365.az-a danışıb. 

"Azərbaycan Hava Yollarına məxsus “Embraer” mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan tədqiqat ciddi suallar doğurur. Qazaxıstan, Rusiya və Azərbaycan mütəxəssislərinin, həmçinin təyyarənin uçuş məlumatlarını analiz edən Braziliya ekspertlərinin birgə araşdırması nəticəsində yayılan ilkin hesabat hadisənin səbəblərinə müəyyən aydınlıq gətirib.

Hesabatda Azərbaycanın irəli sürdüyü iddiaların təsdiqləndiyi və ilkin tədqiqat nəticələrinə əsasən təyyarəyə kənar müdaxilə edildiyi bildirilib. Bu faktlar təkzibedilməzdir. Təyyarənin quş sürüsü ilə toqquşması və ya qaz-poladının daxilində partlaması kimi iddiaların həqiqətə uyğun olmadığı və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib.

Azərbaycan tərəfi məsələ ilə bağlı beynəlxalq hüquq çərçivəsində addımların atılmasını və kompensasiyanın ödənilməsini tələb edir. Rəsmi Bakı hadisənin ört-basdır edilməsinə imkan verilməyəcəyini və bu məsələdə prinsipial və qətiyyətli mövqe sərgilədiyini bəyan edib.

İ. Hüseyinov bildirir ki,  Azərbaycanın haqlı tələbləri yerinə yetirilməzsə  faktlar beynəlxalq məhkəməyə təqdim olunacaq:

"Əgər Azərbaycanın haqlı tələbləri yerinə yetirilməzsə, toplanmış faktların beynəlxalq məhkəməyə təqdim olunması istisna edilmir. Bu, Azərbaycanın suveren hüququdur və ölkə beynəlxalq münasibətlər sistemində müstəqil siyasətini davam etdirəcək.

Azərbaycanın haqlı tələblərinə vaxtında və müfəssəl şəkildə cavab verilməsi məsələnin beynəlxalq məhkəmə instansiyalarına çıxarılmasının qarşısını almaq baxımından məqsədəuyğun hesab edilir."- deyə politoloq vurğulayıb. 


Sizin reklam burada
Sizin reklam burada