“Köhnə düşmən” hərəkətə keçir – Türkiyə hərbi müdaxilə edə bilər

“Köhnə düşmən” hərəkətə keçir – Türkiyə hərbi müdaxilə edə bilər
26 Dek 2024 17:29

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar yenidən aktivləşib. Belə ki, o, “regionda baş verən təhlükəli dəyişiklikləri izləyirik və sayıqlığımızı qoruyuruq. Əldə etdiyimiz uğurları qorumağa da hazırıq” deyib.”

Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib.

Haftar “təhlükəli” olaraq xarakterizə etdiyi bu hadisələrin nədən ibarət olduğu barədə ətraflı məlumat verməyib. Lakin aydın məsələdir ki, onu narahat edən və özünü də “təhlükəli” olaraq xarakterizə etdiyi hadisə Suriyada Bəşər Əsədin devrilməsidir. Görünür, Haftar Əsəddən sonra sıranın özünə gələcəyini düşünür.


Xəlifə Haftar sonuncu dəfə 2020-ci ildə bu qədər aktivləşmişdi. Həmin il Haftarın başçılığı altında Liviya Milli Ordusunun hərbi paradı keçirilmişdi. Paradda Haftar Türkiyəni təhdid edib “Türk Ordusu ya öz istəyi ilə Liviyanı tərk etsin, ya da hərbi gücümüzlə onları çıxaracağıq” demişdi. Bundan sonra Türkiyənin həmin dövrdə müdafiə naziri olan Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Liviyanın paytaxtı Tripoliyə səfər edərək Haftara gözdağı vermişdi.


Xəlifə Haftar Türkiyəyə həm nifrət edir, həm də çəkinir. Belə ki, Haftar ordusu 2019-cu ildə Liviyanın paytaxtı Tripolinin bir addımlığındaykən Türk ordusunun müdaxiləsindən sonra geri çəkilməyə məcbur olmuşdu. O vaxtdan bir daha X.Haftar hücuma, ya da hakimiyyəti ələ keçirməyə cəhd etmədi. Bununla belə, Liviyanın şərqi onun nəzarəti  altındadır.


Aydın məsələdir ki, Türkiyə Yaxın Şərqdəki siyasi proseslərin əleyhinə dönməməsi üçün birbaşa müdaxilə etmək qərarına gəlib. Suriyada bunu uğurla etdi. Orada güclü və Ankaraya dost hökumət qurulub. Türkiyə Suriyadakı işləri tez bir zamanda həll etsə, üzünü başqa ölkələrə çevirər.


İndiki məqamda ən uyğun versiya Liviyadır. Ankaranın Liviyada yarımçıq qalan işi var. Digər tərəfdən, Xəlifə Haftarın illər sonra bu qədər narahat olması da Liviyanın qarışa biləcəyinə işarədir. Məntiqlə Ankaranın dəstəyi ilə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar cəmi bir neçə günə Əsəd rejimini devirdisə, bənzər ssenari Liviyada da yaşana bilər. Onu da deyim ki, Xəlifə Haftar əvvəlki gücündə deyil və Ankaranın dəstəyi ilə Liviyanın qanuni hökuməti ona qalib gələ bilər.


News365.az


Youtube kanalımız