2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Tərtər-Ağdərə avtomobil yolunun Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
News365.az xəbər verir ki, aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, İƏD üzrə nümayənəliklərin əməkdaşları, bələdiyyə sədrləri, Tərtər Şəhəri Komunal təsərrüfatı idarəsinin və DOST MMC-nin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 300 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Ağacəkmə aksiyasında iştirak edənlər bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.