İran küçələrində dövlətin məcburi hicab qaydasına meydan oxuyaraq küçələrə hicabsız çıxan qadınların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
News365.az-ın məlumatına görə, iranlı qadın jurnalistlər Azadlıq radiosunun Fars bürosuna bildiriblər ki, artıq hicazbsız geyim tərzi Tehran küçələrində adi hal alıb.
Prosesin dönüş nöqtəsi 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan etiraz aksiyaları olub. Hicab qaydasını pozduğu üçün saxlanılan gənc qadının polis nəzarətində ölməsi ölkə üzrə geniş iğtişaşlara səbəb olmuşdu.
Qadınlar həmin aksiyalarda hicablarını yandıraraq və küçələrdə çıxış edərək dini rəhbərliyə qarşı açıq etiraz nümayiş etdirmişdilər.
Etirazlardan sonra hökumət əvvəlcə hicab nəzarətini daha da sərtləşdirməyə çalışdı. Parlament uzunmüddətli həbs, yüksək cərimə və səyahət qadağası nəzərdə tutan “Hicab və İffət” adlı yeni qanun qəbul etdi.
Lakin narazılığın artacağından ehtiyat edən hakimiyyət bu qanunun icrasını Ali Təhlükəsizlik Şurasının qərarı ilə dayandırdı.
Oktyabrın 3-də İranın Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bəhonar jurnalistlərə bildirib ki, “hazırda ölkədə məcburi hicab qanunu faktiki qüvvədə deyil”.
Bu açıqlama mühafizəkar dairələrdə narazılıq yaratsa da, paytaxt və iri şəhərlərdə real vəziyyətin artıq dəyişdiyini göstərib.
"Radio Farda"nın müxtəlif şəhərlərdə danışdığı 12 qadın bildirib ki, son iki ildə hicabsız qadınların sayı həm küçələrdə, həm də ictimai yerlərdə kəskin artıb. Əvvəl qadınlar “əxlaq polisi” ilə qarşılaşmamaq üçün baş örtüyünü çantalarında saxlayırdılar, indi isə buna ehtiyac görmürlər:
Müşahidəçilər deyir ki, artıq proseslər geridönülməz hal alıb.