İstanbul 16 milyon əhalisi ilə Türkiyənin ən böyük şəhəridir. Şəhər sakinlərini nəzərə almasaq, hər il təxminən 16 milyon ziyarətçi var. İstanbulda gün ərzində orta hesabla 4.5 milyon nəqliyyat vasitəsi hərəkət edir.İstanbul yollarında hərəkət edən nəqliyyat vasitələrinin sayı hər gün təxminən 1000 ədəd artır.
Müxtəlif nəqliyyat sistemlərinin bir-birinə uğurlu inteqrasiyası A-B-C məntəqələri arasında hərəkəti asan qət etməyə imkan verir. İstanbulda xüsusən reysli sistemlərin sürətlə inkişafı şəhərin müxtəlif nöqtələrini bir-birinə effektiv bağlayır və insanların, turistlərin hərəkətini asanlaşdırır.
İstanbulda 2016-cı ildən inşasına başlanan və 9.8 km uzunluğunda və 14 stansiyadan ibarət T5- Eminönü -AlibeyKöy xətti 2021-ci ildən istifadəyə açılıb. Bu xəttin diqqət çəkən tərəfi onan ibarətdir ki, xətt əsasən Haliç sahili boyunca inşa edilib. Beləliklə xətt 1 istiqamətdə saatda 12 min sərnişin daşımaq imkanına malikdir. Qatarlar əsasən yerdən əldə etdikləri enerji ilə qidalandığı üçün xüsusi enerji xəttləri çəkilməyib. T5 tramvayında səfərlər çox komfortludur.
T5 tramvay xəttinin modelinin Bakıda tətbiqi imkanı necədir?
Dövlət proqramına əsasən Bakı şəhərinin bulvar xətti Naxçıvanski adına hərbi liseyə qədər uzadılmalıdır. Bu xətt boyu yerləşən köhnə zavodlar şəhər kənarına çıxardılır. Yerində müasir infrastruktur qurulur.
Bayraq Meydanı- Naxçıvanski adına hərbi lisey istiqamətində dənizkənarı ilə tramvay sisteminin qurulması imkanları nəzərdə keçirilə bilər. Belə bir xəttin istifadəyə verilməsi Zığ, Hövsan, Günəşli ərazilərində yaşayan minlərlə insanın mərkəz istiqamətində həm hərəkətini asanlaşdırar, həmçinin şəhər mərkəzinə minik avtomobillərinin daxil olmasının sayında müəyyən azalmalara gətirib çıxarda bilər.
Belə bir xəttin bulvar uzunluğundan yaradılması eyni zamanda Bakının ekoloji vəziyyətinə müsbət təsir edə bilər. Bu layihəyə özəl sektoruda cəlb etmək mümkündür. Misal üçün xətt üzərində yerləşən qurumlar və müasir yaşayış kompleksləri dayanacaqların tikintisini maliyyələşdirə bilər. Dayanacaq açıldıqda ora həm tikinti kompleksinin adı ilə adlandırıla bilər.
Düşünürəm ki, İstanbulun reysli sistemlərin qurulması istiqamətində təcrübələrini öyrənmək və gecikdirmədən tətbiq etmək lazımdır.
Aqil Məmmədov, jurnalist