Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda 5 mart 2025-ci il tarixində baş vermiş yanğın hadisəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılıb.
News365.az xəbər verir ki, DTX-nın Mətbuat xidmətinin məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, zavodun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib.
Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənməsini təmin etmədən təmir-bərpa qrupuna təhvil verib. Nəticədə, nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsi borudan sızaraq alovlanıb və geniş ərazini əhatə edən yanğın yaradıb. Bu hadisə insanların həyat və sağlamlığına ciddi təhlükə yaradıb, ilkin emal qurğusunun istismardan çıxmasına, ətrafdakı konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına səbəb olub.
Bundan əlavə, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesində eyni növbə heyəti tərəfindən təhlükəsizlik qaydaları yenidən pozulub. Belə ki, ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydalarına əməl edilməyib, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılıb. Bu da təkrar yanğın təhlükəsi yaradıb, müəssisədə iş prosesini pozub və maddi ziyan vurub.
Faktla bağlı aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Sadiq Hümbət oğlu Qarayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.