Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların kredit öhdəlikləri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə, xidmət dövründə gəlir əldə etməyən çağırışçıların bank borclarının necə tənzimlənməsi cəmiyyətdə suallar doğurur. Son dövrlər bu sahədə avtomatik kredit möhləti mexanizminin tətbiq olunub-olunmaması gündəmə gəlib.
Mövcud qanunvericilik hərbi xidmətə gedən şəxslər üçün hansı imkanları yaradır və praktikada bu mexanizm necə işləyir?
News365.az-ın məlumatına görə, KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətə çağırılan vətəndaşların kredit borcları xidmət müddətində dondurula bilər və bu proses “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimlənir.
“Çağırışçı hərbi xidmətə gedən dövrdə işləmədiyi və gəlir əldə etmədiyi üçün kredit ödənişlərini həyata keçirmək imkanından məhrum olur. Bu səbəbdən də vətəndaş səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən aldığı arayışı müvafiq banka və ya bank olmayan kredit təşkilatına (BOKT) təqdim edir. Arayış əsasında kredit ödənişləri 1 il və ya 1 il yarım müddətinə təxirə salına bilər”.
Üzeyir Cəfərov qeyd edib ki, bu mexanizm hazırda kütləvi və avtomatik xarakter daşımır və hər bir müraciətə banklar tərəfindən fərdi qaydada baxılır.
“Hərbi xidmət müddətində kredit borcu dondurulur, vətəndaş xidmətdən qayıtdıqdan sonra isə bank ona ödənişlərin bərpa olunması ilə bağlı bildiriş göndərir və kredit ödənişləri davam etdirilir”.
Məsələ ilə bağlı hüquqşünasların mövqeyinə də toxunan ekspert bildirib ki, bank hesablarının dondurulması əsasən qarşılıqlı razılıq əsasında həyata keçirilir.“Əgər bank kreditin dondurulmasına razılıq verməzsə, vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə vətəndaşın hərbi xidmətdə olması, gəlir imkanlarının olmaması kimi halları nəzərə alır və qərar çıxarır”.
Ekspert vurğulayıb ki, bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb və məhkəmə təcrübəsində də bu yanaşma qəbul olunur.