Yaponiyada 3,14 milyon ünvana aid məlumatlar sızmış ola bilər

Yaponiyada 3,14 milyon ünvana aid məlumatlar sızmış ola bilər
14:00

Yaponiyada şəxsi məlumatların sızması ehtimalı ilə əlaqədar bir sıra bölgələrdə fəlakətlərlə bağlı məlumatlandırma xidmətləri dayandırılıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, buna xidmət təminatçısının informasiya sisteminə icazəsiz girişin aşkar edilməsi səbəb olub.

Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, çərşənbə axşamı saat 21:00-a qədər 36 yerli idarəetmə orqanı xidmətlərin dayandırılması barədə məlumat verib.

Nazirlik yerli hakimiyyət orqanlarına elektron poçt, telefon və digər vasitələrlə erkən xəbərdarlıqlar və fəlakətlərlə bağlı məlumatlar göndərən “Arcadia Inc.” şirkətindən insidentin miqyası barədə hesabat təqdim etməsini tələb edib.

Akita prefekturasının Yokote şəhəri və Kaqava prefekturasının yerli qurumları da xidmətləri dayandırdıqlarını açıqlayıblar. Osakada yerləşən şirkət çərşənbə günü “Kyodo” agentliyinə xidmətlərin nə vaxt bərpa olunacağının hələ məlum olmadığını bildirib.

Şirkətin məlumatına görə, bazar günü “SpeeCAN RAIDEN” adlı xidmət sisteminə şübhəli giriş cəhdi aşkarlanıb.

Sentyabrın sonuna olan məlumata əsasən, Yaponiyada 875 yerli idarəetmə orqanı bu xidmətdən istifadə edib. Şirkət təxminən 3,14 milyon ünvana aid sakinlərin şəxsi məlumatlarının sızmış ola biləcəyini ehtimal edir.

Xidmət yerli hakimiyyət orqanları tərəfindən əməkdaşların təhlükəsizliyinin yoxlanılması məqsədilə də istifadə olunur.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada