“SEPAH-ın Azərbaycanla bağlı təhdid xarakterli
bəyanatları regionda onsuz da həssas olan hərbi vəziyyəti daha da gərginləşdirir.
Azərbaycan indiyədək heç
vaxt İrana qarşı təhdid dili istifadə etməyib. Əksinə, rəsmi Bakı bu illər ərzində
qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı
olduğunu dəfələrlə nümayiş etdirib və İrana daim əməkdaşlıq və dialoq üçün
“qardaş əlini” uzadıb”.
Bunu News365.az -a açıqlamasında politoloq Zaur Məmmədov
deyib ki, İranın
dini - hərbi rəhbərliyi tərəfindən vaxtaşırı səsləndirilən xəbərdarlıqlar və
təhdid xarakterli ritorika qəbuledilməzdir:
“Dövlətlərarası münasibətlər təzyiq və qorxu
üzərində deyil, qarşılıqlı etimad və bərabərlik üzərində qurulmalıdır.
Əgər hər
hansı ölkə həqiqətən də dostluq və mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə,
bunu təhdidlər və güc nümayişi ilə deyil, konstruktiv davranış, əməkdaşlıq və
qarşılıqlı hörmətlə etməlidir. Cəlbedicilik və etimad yaradan siyasət hər zaman
təzyiq siyasətindən daha effektiv olur.
Son illərdə
İranın regionda apardığı siyasət isə bir çox hallarda neoimperialist yanaşma
kimi qiymətləndirilir. Müxtəlif ölkələrin daxili işlərinə müdaxilə cəhdləri,
regiondakı proseslərə təsir göstərmək istəyi və ideoloji təsir alətləri istifadə
etməsi bu narahatlıqları daha da artırır.
Cənubi
Qafqaz isə qarşıdurma meydanı deyil, əməkdaşlıq və sabitlik məkanı olmalıdır.
Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir: suverenliyə hörmət, daxili işlərə
qarışmamaq və regionda sülhə xidmət edən münasibətlərin qurulması. Təhdid dili
isə nə regional təhlükəsizliyə, nə də iki qonşu ölkə arasında etimada xidmət
edir”.