Abituriyentlərin DİQQƏTİNƏ- Keçid balları ARTACAQ?

Abituriyentlərin DİQQƏTİNƏ- Keçid balları ARTACAQ?
16:51

Qəbul imtahanları ilə bağlı hər il dəyişikliklər və keçid ballarındakı artım-azalma məsələləri abituriyentləri və valideynləri düşündürən əsas mövzulardandır.

Bəs bu il qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Keçid balları artacaq?

 Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin katibi Xanlar Xanlarzadə -a açıqlama verib. 

Xanlar Xanlarzadə bildirib ki,  qəbul imtahanlarında və qaydalarda ciddi dəyişiklik olduqda adətən 2 il öncədən abituriyentlərə və ictimaiyyətə məlumat təqdim olunur. Bu il hər hansı dəyişiklik nəzərdə tutulmur. Dövlət İmtahan Mərkəzi tədris ilinin əvvəlində imtahan proqramını da dim.gov.az saytında yerləşdirib. Həmçinin “Abituriyent” jurnallarının müvafiq saylarında qaydalar, proqram və imtahanın modeli dərc olunub. 

İştirakçılar artıq bilirlər ki, hansı növ tapşırıqlardan istifadə olunur. Ən əsası bütün tapşırıqlar proqrama və dərsliyə tam uyğundur. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. 

O deyib ki, imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanın asan və ya çətin olması da nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.

Keçid ballarının formalaşmasına isə bir neçə amil təsir göstərir. Abituriyentlərin sayı, plan yerləri və abituriyentlərin imtahan nəticələri hər hansı bir ixtisas üzrə keçid balını formalaşdırır. İndiki mərhələdə nəsə demək tezdir. Qəbul imtahanları qabaqdadır. Ancaq DİM ixtisas seçimindən öncə – avqust ayında lazımi statistik məlumatları ictimaiyyətə təqdim edəcək və o zaman əvvəlcədən hər hansı proqnoz vermək mümkün olacaq. 

“Həm plan yerləri bilinəcək, həm də abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması təqdim olunacaq. Proqnoz vermək bütün bunlar bəlli olandan sonra mümkün olacaq.”-deyə, mətbuat katibi qeyd edib./// ajans.az


Sizin reklam burada
Sizin reklam burada