İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrinin son hadisələrə münasibətini sərt tənqid edib.
News365.az-ın Tasnim agentliyinə istinadən yaydığı məlumata görə, nazir italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığında İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumlar fonunda Avropanın mövqeyini qəbuledilməz adlandırıb.
Əraqçi bildirib ki, ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hərbi əməliyyatlara qarşı susqunluq beynəlxalq hüququn prinsiplərinə ziddir və qlobal təhlükəsizlik sisteminə zərbə vurur. Onun sözlərinə görə, bu cür hadisələr nüvə silahının yayılmaması rejiminin etibarlılığını da şübhə altına alır.
İranlı nazir vurğulayıb ki, bütün dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə uyğun olaraq belə halları açıq şəkildə pisləməli və beynəlxalq hüququn pozulmasına biganə qalmamalıdır.
O, həmçinin əlavə edib ki, baş verənlərin mümkün iqtisadi təsirləri və regionda artan gərginliyə görə məsuliyyət birbaşa hücumları həyata keçirən tərəflərin üzərinə düşür.
News365.az