Ötən günlər verilişində çıxış edən Xalq artisti Şəfəq Əliyeva mərhum sənətkar Rafiq Əliyevlə bağlı xatirələrini bölüşüb. O, sənət yoldaşı haqqında danışarkən duyğulu anlar yaşadığını bildirib:
"Ağlıma gəlməzdi ki, nə vaxtsa mən Rafiq haqqında öz xatirələrimi danışacam. İnanın mənə, bu ana mahnısından sonra mən lap kövrəldim. Yəqin hamıya maraqlıdır ki, mən Rafiqlə necə tanış olmuşam tələbəlik illərində."
Şəfəq Əliyeva Rafiq Əliyevlə tələbəlik illərində tanış olduqlarını və onun xüsusi istedadı ilə seçildiyini vurğulayıb. O, Dram və Kino Aktyorluğu fakültəsinə daxil olduğu zaman Rafiqin Musiqili Komediya Aktyorluğu fakültəsində təhsil aldığını qeyd edib.
"Bütün tələbələrdən Rafiq seçilirdi. Birincisi, o, bizdən 7 yaş böyük idi. Leningradda Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğu fakültəsində oxumuşdu. Müəyyən səbəblərdən həmin fakültə ixtisara salınmışdı və o, vətənə qayıdaraq təhsilini burada davam etdirmək qərarına gəlmişdi. Həm də o, mədəniyyəti, insanlığı, kübarlığı ilə seçilirdi."
O, eyni zamanda Adil İsgəndərovun Rafiq Əliyevin istedadını yüksək qiymətləndirdiyini də xatırladıb:
"İkinci kursda Adil müəllim bir oğlanı imtahanda görüb çox bəyənmişdi. Bizdən soruşdu ki, o kimdir? Biz də dedik ki, Rafiq Əliyevdir. Adil İsgəndərov dedi ki, baxmayaraq ki, o hələ cavan, ikinci kurs tələbəsidir, mən ona indidən əməkdar artist fəxri adını verərdim. Bu, Rafiqin yaradıcılığının qiymətidir."
Şəfəq Əliyeva Rafiq Əliyevin sənət dünyasında qoyduğu izi böyük qürurla xatırlayaraq onun unudulmaz bir sənətkar olduğunu bildirib.