Dünyada ən çox çaşdırılan anlayışlardan biri sadəliklə sadəlövhlük arasındakı incə sərhəddir. Bu iki keyfiyyətin bir-biri ilə qarışdırılması yalnız fərdlərin həyatına deyil, bəzən bütün cəmiyyətlərin taleyinə təsir edir. Lakin onların mənşəyi, mahiyyəti və nəticələri tamamilə fərqlidir. Sadəlik, ürəyin təmizliyindən, niyyətin saf və açıq olmasından doğur. Aristotel deyirdi ki, "Ürəkdən gələn doğruluq, ağlın kəskinliyi ilə tamamlanmadıqda, heç vaxt tam qiymətini ala bilməz." Sadə insanlar mürəkkəb həyatda doğruları, safları, zərifliyi görə bilirlər. Onlar başqalarının niyyətini təhlil edir, öz davranışlarını ölçür və qəlblərində bir növ daxili harmoniyaya sahib olurlar. Sadəlik yalnız əxlaq və mədəniyyətin əlaməti deyil, həm də psixoloji gücdür. Sadə insan qarışıq situasiyalarda sarsılmır, stress və manipulyasiyalara qarşı dayanıqlıdır. Əksinə sadəlövhlük, ağlın zəifliyindən, təcrübənin və kritik düşüncənin çatışmazlığından doğur. Sadəlöv insanlar başqalarının hiylələrini anlamır, aldanmağa açıqdır və həyatda özlərini qorumaq bacarığından məhrumdurlar. Tarix bunu saysız nümunələrlə sübut edir. Qədim Yunanıstanda Sokratın tələbələri arasında, yalnız ağıllı və təcrübəli olanlar müəllimin sözlərini dərk edə bilirdi; sadəlövh olanlar isə hər kəlməsini yanlış başa düşərək cəmiyyətdə aldanırdılar. Orta əsrlər Avropasında kral saraylarında, aldanan saray adamları və naxələf məsləhətçilər tez-tez dövlətlərin çöküşünə səbəb olmuşdular. Sadəlöv insanlar, niyyətləri təhlil etmədən inandığı üçün tarixi fəlakətlərdə əhəmiyyətli rol oynamışdılar. Psixoloji baxımdan isə sadəlik və sadəlövlük arasında fərq, insanın dünyanı qavrama və qiymətləndirmə qabiliyyətindədir. Sadəlik refleks deyil, şüurlu bir seçimdir, sadəlövlük isə ağılın fəaliyyətsizliyidir. Modern dünyada insanlar tez-tez sadəliyi zəiflik kimi qələmə verirlər. Sosial medianın uydurduğu "hər şeyi açıq və saf görmək" anlayışı, əslində, sadəlöv xalqın oyunudur. İnsanlar saflıq adı altında manipulyasiyaya açıq qalır. İslam, xristianlıq və buddizm kimi ənənələr sadəliyi yüksək qiymətləndirir, lakin mənəvi və ruhi anlayışlardan məhrum olan açıq qəlblilik (sadəlövlük) təhlükəli hesab olunur. Quran və Tövratın ayələrində deyilir ki, təmiz niyyət və hikmət birləşmədikdə, insan aldanar. Sadəlik ibadətdə, dua və davranışda özünü göstərir, sadəlövlük isə cəmiyyətdə səthi bir davranış, təcrübədən məhrum zəiflikdir. Sadəlik insanı böyüdür, ağıla və vicdana hörmət öyrədir. Platon “ağıllı qəlb” anlayışını irəli sürmüş və demişdir: "Həyatın mürəkkəbliyini anlamaq üçün qəlb sadə, ağıl isə kəskin olmalıdır." Sadəlöv insanlar isə həm qəlbdən, həm də ağıldan məhrum olaraq özlərini və başqalarını aldatmağa açıq qalırlar.
Sadəlik gücdür, sadəlövlük isə zəiflikdir.
Cəmiyyət, fərdlər və nəsillər bu sərhədi anlamadıqca, insanlar yalnız niyyətləri ilə deyil, zəiflikləri ilə də cəzalandırılır. Həqiqi böyüklük isə ürəyin təmizliyi ilə ağlın kəskinliyini birləşdirə bilməkdədir. Sərt həqiqət budur ki, saf ürək və ağıl birləşməsə, insan sadəliyi ilə aldanar, sadəlövklüyü ilə isə cəmiyyətə zərər verər.
Həsən Nağıyev, filosof