Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Maştağa qəsəbəsində 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlinini – Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirib. Hadisə Nəriman Nərimanov küçəsi 71, ev 62 ünvanında qeydə alınıb.
News365.az-ın məlumatına görə, ailədaxili mübahisə zəminində baş verən hadisə zamanı qadının qayınatasını təhqir etməsi münaqişəni daha da alovlandırıb və nəticədə qətllə nəticələnib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Ağanəbi Əliyevin öz gəlinini qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və Sabunçu Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Qətli törədən şəxsin əmisi oğlu, Maştağa sakini Hacıkazım Əliyevin sözlərinə görə, Ağanəbi Əliyev dindar və sakit təbiətli biri olub. Onun sözlərinə görə, tərəflər arasında yaranan mübahisə zamanı gəlinin sərt ifadələr işlətməsi qaynatanın cinayət törətməsi ilə nəticələnib.
Üç azyaşlı övlad anası olan Dürdanə Əliyevanın meyiti tibbi ekspertiza üçün MTEPA-nın Sabunçu şöbəsinə təhvil verilib. Hadisə yerindən qətldə istifadə edilən bıçaq maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.