İstanbulda keçirilən danışıqlarda Rusiyanın Ukrayna qarşısında irəli sürdüyü 6 tələbdən biri qarşılıqlı təzminatdan imtina və Rusiyanın hazırki ərazilərinin tanınması olub. Bu barədə Clash Report nəşri özünün Telegram kanalında yazıb.
Bundan əlavə, Rusiya israr edir ki, Ukrayna bitərəf ölkə kimi qalsın, öz ərazisində xarici qoşunlar və ya nüvə silahı kimi kütləvi qırğın silahları yerləşdirməsin.
Moskva həmçinin Ukraynada rusdilli vətəndaşların hüquqlarına hörmət edilməsini və millətçi təbliğatın dayandırılmasını tələb edir.
Bundan əlavə, Rusiya qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojya vilayətlərinin, eləcə də Krımın beynəlxalq səviyyədə Rusiya əraziləri kimi tanınmasını istəyir. Kremlə görə, Ukrayna onlara qarşı iddialarından əl çəkməlidir.
Siyahıda sonuncu tələb dərhal atəşkəsdir. Ukrayna tərəfindən qoşunların Rusiya ərazisindən çıxarılması tələb olunur.
Rusiya və Ukraynanın rəsmi nümayəndələri hələlik bu məlumatın doğruluğunu təsdiqləməyiblər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural