"Bu, artıq Avropa Siyasi Birliyinin altıncı toplantısıdır. Əvvəlki toplantılardan biri – konkret olaraq, İspaniyanın Qranada şəhərində keçirilən görüşdə Azərbaycan iştirak etməmişdi. Bu, təsadüfi deyildi – həmin görüşə qədər “Euronews” vasitəsilə Azərbaycan əleyhinə kampaniyalar aparılmış və toplantı zamanı ölkəmizə qarşı sənəd təqdim olunacağı gözlənilirdi. Məhz bu səbəbdən Prezident İlham Əliyev həmin tədbirə qatılmamaq qərarını vermişdi."
Politoloq Oqtay Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Buna baxmayaraq, Azərbaycan bu platformadan səmərəli şəkildə istifadə etməyə çalışır. Xüsusilə Avropa İttifaqı ilə əlaqələrin inkişafı baxımından bu tədbirlər olduqca önəmlidir. Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və Avropaya enerji resursları ixrac edir. Bu, ticarət və iqtisadi münasibətlərin möhkəmlənməsinə ciddi təkan verir.
Həmçinin, bu cür platformalar ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi üçün də əlverişli imkan yaradır. Qeyd etmək lazımdır ki, daha əvvəl də bu çərçivədə vacib görüşlər baş tutub. Məsələn, “Praqa Bəyanatı” məhz bu formatda reallaşmışdı. Həmin bəyanatdan sonra Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı və digər əraziləri tanıdığına dair açıqlamaları olmuşdu.
Daha sonra da müxtəlif formatlarda Ermənistanla təmaslar davam etdirilib və bu tədbirlərin regionda sabitliyə müsbət təsiri müşahidə olunub. Azərbaycanın bu proseslərdə iştirakı, həmçinin regional əməkdaşlıq üçün yeni imkanların formalaşmasına xidmət edir."