Böyük Britaniyada repçinin itləri təqaqüdçü qadını parçalayıb.
Hadisə Esseks qraflığının Ceyvik qəsəbəsində baş verib.
Ölkədə “bully” it cinsinə qoyulan qadağa qüvvəyə mindikdən cəmi iki gün sonra musiqiçi Eşli Uorren həmin ünvandakı evindən Londona klip çəkilişinə yollanıb. O, iki yetkin it və səkkiz küçüyə baxmağı 68 yaşlı Ester Martinə həvalə edib. Qadın bud-çanaq oynağının endoprotez əməliyyatından sonra çətin hərəkət edir, həmçinin artritdən əziyyət çəkirmiş. Sonradan məhkəmədə bildirilib ki, Martinin nə bu cür itlərlə davranış təcrübəsi, nə də onlara nəzarət etməyə fiziki imkanı olub.
Bir müddət sonra itlər aqressivləşərək yaşlı qadına hücum ediblər. Hadisə yerinə gələn polis əməkdaşları evə daxil olmaq və heyvanları uzaqlaşdırmaq üçün elektroşok tətbiq etməli olublar. Polislər təqaüdçü qadının bədənində onlarla dişləmə izi olan meyitini aşkarlayıblar. Dişləmələrdən biri onun qolunu tamamilə sındırıb.
Hazırda Surreydə yaşayan Uorren “Medved” adlı itinin adam öldürməsi ittihamı üzrə təqsirli bilinib. Digər it “Byuti” ilə bağlı irəli sürülən ikinci ittiham isə onun üzərindən götürülüb.
Müdafiə tərəfi bildirib ki, Uorren “sevən və mehriban” heyvanların hücum edə biləcəyini əvvəlcədən görə bilməzdi. Lakin prokuror belə itlərin fiziki məhdudiyyətləri olan bir şəxsə etibar edilməsinin absurdlugunu vurğulayıb.
Hökm hələ elan olunmayıb, lakin hüquqşünasların qiymətləndirməsinə görə, musiqiçini həbs cəzası gözləyə bilər.