“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yeni imkanlar açır.
Səfər çərçivəsində aparılan müzakirələr və verilən bəyanatlar göstərir ki, strateji tərəfdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub”, – bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız iki ölkə çərçivəsində qalmır, həm region, həm də Avropa üçün strateji əhəmiyyət kəsb edir. Enerji sektorunda artan tələbat fonunda əməkdaşlıq hər iki ölkəyə fayda verir, Gürcüstan Bakının təşəbbüslərini dərk edir və birgə əməkdaşlığın dərinləşməsini dəstəkləyir.
Samir Vəliyev vurğulayıb ki, dialoq mühiti Cənubi Qafqazda daimi sülhün təmin olunmasına xidmət edir və bu prosesdə Azərbaycanın liderliyi önəmli rol oynayır. “Cənubi Qafqaz artıq sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir. Gürcüstanın bu prosesdə rolu xüsusilə əhəmiyyətlidir”, – deputat qeyd edib.
Gürcüstanın Baş naziri İrakli Kabaxidze isə iki ölkə arasında münasibətləri yüksək qiymətləndirərək, Azərbaycanı Gürcüstanın dəyərli dostu adlandırıb. O bildirib ki, Tbilisi regionda sülh və konstruktiv əməkdaşlığı dəstəkləyir və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır.
Deputatın sözlərinə görə, qlobal geosiyasi dəyişikliklər və Orta Dəhlizin strateji rolu ölkələrimiz üçün böyük imkanlar yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələri kimi uğurlu əməkdaşlıqlar, həmçinin yaşıl enerji layihələri Azərbaycan-Gürcüstan tərəfdaşlığının nümunəsidir.
Samir Vəliyev əlavə edib ki, siyasi dialoq ilə paralel iqtisadi əməkdaşlıq da yüksək dinamizm göstərir. Azərbaycan şirkətləri Gürcüstanda investisiya imkanlarından istifadə edərək tikinti, turizm və infrastruktur sahələrində böyük layihələr həyata keçirirlər. “Bütövlükdə, qarşılıqlı faydalı münasibətlər Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı inkişafından xəbər verir”, – deputat bildirib.