İlham Əliyevin Gürcüstana səfəri: Təhlükəsizlik və əməkdaşlıq ön planda

İlham Əliyevin Gürcüstana səfəri: Təhlükəsizlik və əməkdaşlıq ön planda
11:25

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana planlaşdırılan səfəri regionda təhlükəsizlik və strateji əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacaq. 

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri yüksək səviyyədə keçiriləcək və səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında ikitərəfli və regional məsələlər ciddi şəkildə müzakirə olunacaq.

Açıqlamada qeyd edilib ki, səfər çərçivəsində diqqət əsasən Cənubi Qafqazda təhlükəsizliyin qurulması, saxlanılması və inkişaf etdirilməsi məsələlərinə yönələcək. Politoloqun sözlərinə görə, regionda baş verən hadisələr – o cümlədən ABŞ, İsrail və İran arasındakı münaqişələr – Cənubi Qafqazda potensial risklər yaradır və buna görə də Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığı genişləndirir.

Anar Əliyev bildirib ki, son illərdə qlobal və regional səviyyədə baş verən hadisələr təhlükəsizlik məsələlərinin aktuallığını artırıb. Ona görə də regional qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, təhlükələrə qarşı birgə mübarizənin aparılması və əməkdaşlıq imkanlarının artırılması prioritetdir.

O əlavə edib ki, Azərbaycan uzun illər ərzində Gürcüstanla güclü əlaqələr qurub, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla danışıqlar fonunda regionda təhlükəsizliyin təmin olunması məsələsi daha ciddi şəkildə gündəmə gətirilib.

Politoloq vurğulayıb ki, səfər çərçivəsində bir çox sahələr – iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik – üzrə çoxşaxəli müzakirələr aparılacaq, perspektivlər və uğurlu nəticələr üçün atılacaq addımlar nəzərdən keçiriləcək. Gürcüstanın Xarici İşlər Nazirliyi də münasibətlərin intensiv və çoxşaxəli olduğunu açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada