Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Ramiz Quliyev bu gün son mənzilə yola salınır. Vida mərasimində çıxış edən Mədəniyyət naziri Adil Kərimli sənətkarın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan danışıb.
News365.az-ın məlumatına görə nazir bildirib ki, Ramiz Quliyev sənəti ilə hər bir azərbaycanlının qəlbindədir:
“Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Ramiz müəllim sənəti ilə hamımızın qəlbindədir. Onun yaratdığı irs zamana sığdıra bilməyəcəyimiz örnəkdir”.
Adil Kərimli qeyd edib ki, Ramiz Quliyev Azərbaycan musiqisini bütün dünyaya tanıdan sənətkarlardandır:
“O, Azərbaycan musiqisini dünyaya tanıtmaqla mədəniyyətimizi sevdirib. Sanki tarı danışdırırdı, oxudurdu”.
Nazir vurğulayıb ki, sənətkarın yaradıcılığı və ifaçılığı xalqın yaddaşında əbədi qalacaq:
“Ramiz müəllimin yaradıcılığı, ifaçılığı əbədi yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq”