“Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır”.
Bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunub.
“AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilərək, vitse-prezident vəzifəsini icra edən təyin olunub.
Bir neçə gündən sonra - 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət edib.
Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”, - məlumatda vurğulanıb.