Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevin ittiham olunduğu 193-1.3.2-ci maddəsi sübuta yetirilərsə, onun sahib olduğu əmlakların müsadirəsi qanunauyğun olaraq qaçılmaz olacaq.
Bu baxımdan, Ramiz Mehdiyevin və ya onun ailə üzvlərinin mülkiyyətində olduğu iddia edilən obyektlərin aqibəti də hüquqi müzakirəyə açıqdır. Belə mülklər arasında "German Hospital" xüsusi yer tutur.
Ramiz Mehdiyevin "German Hospital"la real əlaqəsi?
Araşdırmalarımıza əsasən “German Hospital” Ramiz Mehdiyevin ailə üzvlərinə, xüsusilə də kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
Adı qalmaqallarda çəkilən “German hospital”
Bakı şəhərində fəaliyyət göstərən “German Hospital” son illərdə bir sıra qalmaqallarla gündəmə gəlib. Müxtəlif şəxslərin, o cümlədən məşhurların bu klinikadan şikayət etməsi, ictimai narazılıq dalğasını formalaşdırıb. Klinikaya qarşı yönələn iddialar arasında həkim səhlənkarlığı, gigiyenik qaydaların pozulması, müalicə zamanı ölüm halları, analiz nəticələrinin təqdim edilməməsi, hətta əməliyyat zamanı doğum günü qeyd edilməsi kimi hallar mövcuddur.
Məşhur müğənni Roza Zərgərli bu klinikada əməliyyat zamanı səhlənkarlıq nəticəsində daxili orqanlarının zədələndiyini iddia edib. Əkiz uşaqların ölümü ilə bağlı valideynlərin şikayətləri isə ictimaiyyətdə dərin rezonans doğurub.
Başqa bir şikayətçi, paytaxt sakini Türkan Bayramova ötən ilin aprelində yerli mətbuata bildirib ki, "German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Şikayətçinin iddiasına görə ana olmaq imkanından məhrum olunub və sağlamlığıma ağır zərər vurulub.
Digər bir şikayətçi isə Vüsal Zeynalovdur. O, "German Hospital”ın qarşısında canlı yayım açaraq göz görə-görə həyat yoldaşının bu hospitalda ölümə sürükləndiyini deyib.
Araşdırmalardan belə qənaətə gəlmək olur ki, adı daim qalmaqalarda və vergi borclarında hallanan, eləcə də ailə biznesi kimi qanunazidd fəaliyyəti ilə tanınan “German Hospital”ın gələcək aqibəti də sual altındadır.