Ramiz Mehdiyevə hansı qadağalar qoyulacaq?

Ramiz Mehdiyevə hansı qadağalar qoyulacaq?
14:40

Yaxın tarixlərdə Azərbaycanda bir sıra şəxslər törətdikləri müxtəlif əməllərlə əlaqədar olaraq məsuliyyətə cəlb olunublar. Sonuncu fakt olaraq ötən gün Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzası alması bir daha bu məsələni aktuallaşdırıb. 

Bu cəza növü hansı hallarda tətbiq olunur və kimlərə şamil oluna bilər? Ev dustaqlığında olan şəxslərə hansı qadağalar qoyulur?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov News365.az-a açıqlamasında bu sualları ətraflı cavablandırıb.


“Ev dustaqlığı qəti imkan tədbirlərindən biridir. Bu əsasən, həbsə alternativ olan qətimkan tədbiridir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə görə, ev dustaqlığı qəti-imkan tədbiri seçilən zaman təqsirləndirilən şəxsin həbsdə saxlanılmadan, cəmiyyətdən tam təcrid olunmadan, amma məhkəmənin qərarı ilə müəyyən azadlıqlarının məhdudlaşdırılması, hüquqlarına məhdudiyyətlərin qoyulmasıdır. Ümumiyyətlə, ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında, habelə müdafiə tərəfinin əsaslandırılmış vəsatəti əsasında seçilə bilər”.

Hüquqşünas qeyd edib ki, ev dustaqlığı seçilən zaman şəxslərin üzərinə müəyyən vəzifələr qoyula bilir.

“Başqa bir yerə getməmək, yaşadığı evdən və həyətdən kənara çıxmamaq, həmin şəxsin üzərinə qoyulmuş elektron nəzarət vasitələrinə vaxtı-vaxtında qulluq etmək, onların işləkliyini təmin etmək və s. 

Ümumiyyətlə, məhkəmə tərəfindən əlavə vəzifələr də təyin oluna bilər. Bunlara kütləvi tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən ərazi hüdudlarından kənara çıxmamaq qadağası, eyni zamanda alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin bu xəstəliklərlə bağlı müalicə prosedurlarının götürülməsi və s. Ümumiyyətlə, ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar olaraq cinayət işinə baxan məhkəmə mütləq şəkildə bununla bağlı qərar verməlidir və bu qərar mütləq şəkildə icra olunmalıdır”.


Sizin reklam burada
Sizin reklam burada