Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanın anklav və eksklavlarla bağlı açıqlamasına münasibət bildirib.
News365.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Professorun sözlərinə görə, Cənubi Qafqazda mövcud olan həssas siyasi vəziyyət Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasını zəruri edir.
Qulu Məhərrəmli qeyd edib ki, Nikol Paşinyan gələcəkdə yeni münaqişələrin yaranmaması üçün Azərbaycan-Ermənistan sərhədinin hər iki tərəfində anklavların olmamasını təklif edib.
Paylaşımda bildirilir ki, Paşinyan Ermənistanın ərazisinin 29 743 kvadratkilometr olması, sərhədin hər iki tərəfində anklav və eksklavların qalmaması, eləcə də tərəflər arasında uyğun ölçüdə ərazi mübadiləsinin aparılması mövqeyini ifadə edib. Ermənistanın baş naziri bu qənaətə Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi son təmaslardan sonra gəldiyini bildirib.
BDU-nun professoru hesab edir ki, sülh prosesində əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və bu mövqeyin ölkə Konstitusiyasında təsbit olunmasıdır.
“Əlbəttə, burada önəmli olan Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu ölkə Konstitusiyası ilə təsbit etməsidir. Nə qədər ki, tarixi şərait imkan verir, sülh sazişi imzalanmalıdır. Vaxt gözləmir!” – deyə Qulu Məhərrəmli vurğulayıb.