“Türkiyə Qəzzaya yardım əlini uzatmaqda davam edir”
News365.az "İHA"ya istinadən xəbər verir ki, Misir səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan humanitar məsələlərə toxunub.
Dövlət başçısı bildirib ki, Türkiyə dünyanın harasında yardıma ehtiyacı olan insan varsa, oraya kömək əlini uzadır:
“Əlimiz dünyanın harasında məzlum varsa, oraya uzanır. İsrailin hücumları davam etdiyi bir vaxtda belə, biz yardımlarımızı dayandırmadıq. Misirdəki anbarlarımızı dərhal ərzaq və tibbi ləvazimatlarla doldurduq, gözləmədik.”
Ərdoğanın sözlərinə görə, atəşkəsin elanından sonra Türkiyə Qəzzaya yüzlərlə yardım maşını göndərib:
“350-yə yaxın yardım maşını bölgəyə çatdırılıb. AFAD, TİKA və Səhiyyə Nazirliyi birgə şəkildə Qəzza xalqının sığınacaq və tibbi ehtiyaclarını təmin edir. Qış gəlmədən 10 min çadır quraşdırılıb. Yaralıların bir qismi artıq Ankaradakı şəhər xəstəxanalarımızda müalicə alır. Lazım gələrsə, İstanbuldakı xəstəxanalarımız da bu missiyaya qoşulacaq.”
Prezident vurğulayıb ki, Türkiyə bütün maneələrə baxmayaraq, bölgəyə humanitar dəstəyi artırmağı qarşısına məqsəd qoyub.
News365.az