Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
News365.az xəbər verir ki, dövlət başçısı Qəzzada Həmas və İsrail arasında əldə edilən atəşkəsin bölgədə sülhə doğru atılmış mühüm addım olduğunu bildirib.
Ərdoğan sammitin Yaxın Şərqdə sülh prosesi üçün yeni mərhələnin başlanğıcı ola biləcəyini vurğulayıb:
“Bu prosesdə ABŞ Prezidenti Donald Tramp başda olmaqla, bir çox liderlər danışıqlara əhəmiyyətli töhfə veriblər. Əldə olunan razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsi və ABŞ-ın İsrail üzərində təsirini qoruyub saxlaması vacibdir”.
Türkiyə lideri həmçinin qeyd edib ki, bölgədə uzunmüddətli sabitliyin təmin olunması yalnız 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkündür:
“Türkiyə bu məqsədə nail olmaq üçün səylərini davam etdirəcək. İsrailin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi və beynəlxalq tərəflərin bu məsələdə məsuliyyət daşıması əsas şərtdir”.
News365.az