“Qərbin yardımı Ukraynaya qələbə yox, sadəcə müqavimət qazandırır” - Anar Əliyev

“Qərbin yardımı Ukraynaya qələbə yox, sadəcə müqavimət qazandırır” - Anar Əliyev
16:34

 “Ukraynanın resursları tükənib, yardımlar qələbə üçün deyil, sadəcə müqavimət üçün edilir”.

Politoloq Anar Əliyev News365.az-a Ukraynadakı vəziyyəti şərh edərkən bildirib ki, ölkənin resursları Rusiya ilə müqayisədə xeyli zəifdir və tükənmək üzrədir. Onun sözlərinə görə, xüsusilə insan resursları sahəsində ciddi problemlər yaşanır:

“Əhalinin 12, bəzi məlumatlara görə isə 15 milyonu ölkəni tərk edib. Belə şəraitdə döyüşmək üçün heyətin formalaşdırılması Ukrayna üçün çətinləşib. Digər tərəfdən, infrastrukturun böyük hissəsi məhv edilib, enerji təchizatı ilə bağlı da ciddi problemlər mövcuddur. Bəzi məlumatlarda Ukraynanın infrastrukturunun 70-80%-nin sıradan çıxarılması qeyd olunur”.

Anar Əliyev bildirib ki, belə bir şəraitdə Ukraynaya ediləcək yardımların qısa müddətdə müharibənin gedişatını dəyişməsi real görünmür:

“Əslində Qərbin yardımları Ukraynanın qələbəsi üçün deyil, sadəcə müqavimətini davam etdirməsinə xidmət edir. Yardım o həcmdə edilir ki, Ukrayna məğlub olmasın, amma eyni zamanda qələbə də çalmasın. Bu yanaşma əvvəlcə Biden administrasiyasının, daha sonra isə Tramp administrasiyasının yanlış siyasəti kimi qiymətləndirilməlidir”.

Politoloq qeyd edib ki, ABŞ Rusiyanın açıq şəkildə məğlubiyyətini istəmir, çünki bu, nəticə etibarilə Çinin güclənməsinə gətirib çıxara bilər:

“Rusiyanın zəifləməsi Çin üçün ciddi üstünlükdür. Bu səbəbdən də Qərb balanslı siyasət yürütməyə çalışır. İndiki vəziyyətdə isə elə bir yardım paketi yoxdur ki, Ukraynanın işğal olunmuş əraziləri tam geri qaytarmasına imkan versin”.


Sizin reklam burada
Sizin reklam burada