Azərbaycanın tranzit təhlükəsizliyində yeni dövr başlayır

Azərbaycanın tranzit təhlükəsizliyində yeni dövr başlayır
15:34

Prezident İlham Əliyevin Xankəndidə beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciət Azərbaycanın regional nəqliyyat siyasətində yeni təhlükəsizlik arxitekturası qurmaq niyyətini açıq şəkildə göstərir. Müraciətin məhz Qarabağın mərkəzindən səsləndirilməsi də təsadüfi deyil.

Azərbaycan bölgənin siyasi və logistik mərkəzi kimi yeni statusunu nümayiş etdirir və bütün tranzit layihələrinin təhlükəsizlik çərçivəsinin Bakının nəzarətində olacağını bəyan edir.

Dünya üzrə geosiyasi gərginliklərin artması fonunda nəqliyyat xətlərinin adi infrastruktur layihəsi deyil, milli təhlükəsizlik elementi kimi qiymətləndirilməsi getdikcə aktuallaşır. Prezidentin vurğuladığı əsas mesajlardan biri də budur: artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən keçən yükün həcmi, sürəti və iqtisadi faydası qədər, həmin dəhlizlərin sabotaj, terrorizm, kibertəhdid və hibrid müdaxilələrə qarşı davamlılığı da strateji prioritet sayılır.

Azərbaycanın son illərdə multimodal nəqliyyat sisteminə investisiyaları regionu Avropa ilə Asiyanın kəsişmə nöqtəsinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Limanı, genişlənən aviasiya infrastrukturunun yaratdığı imkanlar yalnız iqtisadi gəlir deyil, eyni zamanda ölkəni regional tranzit şəbəkəsinin lideri edir. Bu liderlik isə təbii olaraq Azərbaycanın təhlükəsizlik məsuliyyətini genişləndirir. Prezidentin “nəqliyyat xətlərini həm iqtisadi, həm də türk dövlətlərinin strateji birliyi üçün baza” kimi təqdim etməsi, bu yanaşmanın siyasi dərinliyini daha aydın göstərir.

Müraciətdə xüsusi xidmət orqanlarının rolunun önə çəkilməsi göstərir ki, Azərbaycan tranzit xəttlərini yalnız fiziki mühafizə ilə deyil, kəşfiyyat, əks-kəşfiyyat, informasiya təhlükəsizliyi, kibermüdafiə və regional koordinasiya mexanizmləri ilə qorumağı hədəfləyir. Bu, xüsusən regiondakı destruktiv aktorların - terror qruplarından tutmuş müxtəlif kənar güclərin hibrid müdaxilə cəhdlərinə qədər - geniş spektrli təhlükələrinə cavab vermək üçün vacibdir.

Həmçinin qeyd edilən istiqamətlərdən biri xüsusi xidmət orqanları arasında operativ məlumat mübadiləsinin gücləndirilməsi, yəni, Azərbaycan-Türkiyə əməkdaşlığının təhlükəsizlik blokunda daha sıx inteqrasiyaya keçdiyini göstərir. Ermənistan və separatçı qrupların keçmişdə nəqliyyat və enerji xətlərini hədəf seçməsi fonunda bu əməkdaşlığın regionun gələcək sabitliyi üçün həyati əhəmiyyət daşıdığı açıqdır.

Ölkə rəhbərliyi Zəngəzur dəhlizinə də xüsusi vurğu etməklə həm iqtisadi, həm də geosiyasi baxımdan yeni mərhələyə keçilmiş olduğunu nümayiş etdirir. Dəhlizin açılması yalnız marşrutun qısalması deyil. Türk dünyasının inteqrasiyasını gücləndirən, Orta Dəhlizin mövqeyini möhkəmləndirən və Cənubi Qafqazda güc balansını dəyişdirən bir strateji layihədir. Müraciətdə bu layihənin təhlükəsizlik çərçivəsinə daxil edilməsi isə Azərbaycanın Zəngəzur dəhlizini yalnız iqtisadi xətt kimi görmədiyini, onun regional təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrildiyini göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin Xankəndidən səsləndirdiyi bu mesajlar Azərbaycanın öz ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarını qorumağı milli təhlükəsizlik prioritetlərinin mərkəzinə qoyduğunu, eyni zamanda dost və müttəfiq ölkələrlə təhlükəsizlik əməkdaşlığını daha da dərinləşdirdiyini göstərir. Qarabağda təşkil edilən konfrans həm Azərbaycan üçün siyasi simvol, həm də region üçün yeni təhlükəsizlik-sabitlik formatının xəbərçisidir.


Sizin reklam burada
Sizin reklam burada