"Səs" qəzetinin fəaliyyəti dayandırılmayacaq".
News365.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
O bildirib ki, gündəlik çap olunan "Səs" qəzeti həftəlik nəşrə keçəcək:
"Kollektivlə restrukturizasiya və optimallaşdırma ilə bağlı müzakirələr aparılıb. Qəzetin həftədə bir dəfə nəşr olunması nəzərdə tutulur. İstər-istəməz gündəlik çap olunan qəzetin həftəlik nəşrə keçməsi kollektivin azaldılmasını zəruri edir.
Hesab edirəm ki, qəzet fəaliyyətini davam etdirəcək. "Səs" Media Qrupu da öz işinə davam edir və bu qərarın media qrupuna heç bir aidiyyəti yoxdur.
Qəzetə gəlincə, yanvar ayından etibarən həftədə ən azı bir dəfə, maliyyə resurslarımız araşdırıldıqdan sonra isə, ola bilsin ki, iki dəfə çap edilsin".
***
"Səs" qəzeti fəaliyyətini dayandırır.
News365.az xəbər verir ki, bu barədə qəzetin Baş redaktoru Bəhruz Quliyev məlumat verib.
Bildirib ki, 35 ildir fəaliyyət göstərən kollektivlə son dəfə iclas keçirilib və müzakirələr aparılıb:
"Müzakirələrdən sonra qəzetin bağlanmasına qərar verilib".
Qeyd edək ki, "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub.