Ermənistanda kilsə və revanşist dairələrlə mövcud hakimiyyət arasında əsaslı ideoloji fərqlər olmasa da, bu qrupların yanaşma tərzləri fərqli istiqamətlərdə təzahür edir.
Bu barədə Milli Məclisin deputatı Behruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Ermənistan daxilində revanşizmə iki yanaşma mövcuddur:
“Hazırkı hakimiyyət gizli, faktiki revanşistlərdən ibarətdir, digərləri isə — yəni kilsə və Koçaryan-Sarkisyan cütlüyü, onların davamçıları — açıq, aktiv revanşistlərdir. Bunlar hamısı əslində eyni ideologiyaya xidmət edir: Dırnaq arası 'Böyük Ermənistan' xülyasına”.
Behruz Məhərrəmov bildirib ki, Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurmanın əsas səbəbi, dini institutların siyasi təsir imkanlarını itirməsidir:
“Əvvəlki dövrlərdə Ermənistan hakimiyyəti kilsə ilə sıx əlaqədə idi. Kilsə həm xalq üzərində, həm də hakimiyyət üzərində mənəvi təsirə malik idi. Bu təsir Koçaryan və Sərkisyan dönəmində daha qabarıq şəkildə hiss olunurdu. Hazırda isə Paşinyan bu təsirləri zəiflətməyə çalışır”.
Deputat vurğulayıb ki, Ermənistan kilsəsi daha çox Rusiyaya bağlılığı ilə seçilir, Paşinyan isə qərbyönlü siyasət yürüdür. Məhz bu fərqli xarici dayaqlar daxilindəki mübarizəni daha da dərinləşdirir:
“Bu mənzərədə Paşinyanın reformçu, digər tərəfin isə mühafizəkar və radikal göstərilməsi həqiqəti tam əks etdirmir. Əslində məqsəd eynidir, sadəcə üsullar fərqlidir”.