ABŞ və digər Qərb ölkələrinin sakinləri öz vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu əsgər kimi döyüş əməliyyatlarında iştirak etmələri barədə məlumatlara malik deyillər. Bu barədə amerikalı jurnalist Cekson Hinkl Rusiya mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qərb mediası əhaliyə münaqişə ilə bağlı həqiqəti çatdırmır. Saytlar öz ölkələrindən olan muzdluların Kursk vilayətində və Ukraynada xüsusi hərbi əməliyyat zonasında döyüşlərdə iştirakından yazmırlar.
“Qərbdə heç kim onların amerikalılar, fransız əsgərləri olduğunu görmür. Onlar bilmirlər ki, fransız əsgərləri Ukraynada artilleriya mövqelərindədirlər”, - o, qeyd edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural