Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin media və sosial media məkanında ölkəmizə qarşı paylaşımlarla bağlı bəyanat yayıb.
News365.az xəbər verir ki, Şuranın bəyanatında son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlər barədə mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların və iddiaların kütləvi hal aldığı bildirilib.
Qeyd olunub ki, hüquqi, diplomatik və etik çərçivələrə sığmayan əsassız və qərəzli paylaşımlar cəmiyyətdə narahatlıq doğurur:
"İki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsini təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndiririk".
Şura sözügedən paylaşımların ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri olmadığını, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsi olduğunu qeyd edib.
Bəyanatda bu halların hüquqi və etik çərçivələrə sığmadığı, həmçinin Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə zidd olduğu bildirilib.
"Digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir", - deyə Şuradan vurğulanıb.
Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir:
"Qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir".
Şura əlavə edib ki, Azərbaycan ictimaiyyəti iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hesab edir.
Bəyanatda belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımların atılması gözləntisi ifadə olunub.