"Azərbaycan-Ermənistan sülh prosesində kommunikasiyaların açılması Ermənistanın üzərinə ciddi vəzifə qoyur"
Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, cənab prezidentin Qazaxıstan vasitəsilə taxılın Ermənistana, Azərbaycan üzərindən daşınması təşəbbüsü Azərbaycan-Ermənistan dialoqunu və sülh mərhələsinin inkişafına marağını göstərir. Bu, iqtisadi inteqrasiyanın formalaşmasında, tətbiq olunmasında Azərbaycanın maraqlı olduğunu ortaya qoyur və kommunikasiyaların açılması məsələsində əyani nümunədir.
Həsənbəyli qeyd edib ki, uzun illər ərzində Ermənistan-Azərbaycan arasında kommunikasiyalar bağlı qalmışdır və bu məsələdə Ermənistan tərəfi sülhün təmin olunmasında ciddi vəzifə daşıyır. Ermənistan ictimaiyyətinin sülh mədəniyyətinə hazırlanması, qonşuluq münasibətlərinin təşviqi Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşən işdir.
O bildirib ki, Ermənistan baş naziri və komandası son seçkilərdə 54% səs alsa da, ölkədə hələ də müharibə partiyaları fəaliyyət göstərir. İşğal dönəmində doğulub böyümüş, Azərbaycana qarşı döyüşmüş bir nəsil mövcuddur. Bundan əlavə, uzun illər ərzində təsir edən ideologiyalar da prosesin mürəkkəbliyini artırır.