Qazax sakini Nailə Abbasova illər əvvəl aldığı torpaq sahəsini bu günədək rəsmi sənədləşdirə bilmir.
News365.az xəbər verir ki, o, torpağa sənəd almaq üçün döymədiyi qapı, getmədiyi ünvan qalmadığını bildirir. Hətta əlində arxiv sənədləri olsa da, problemini həll edə bilməyib.
Nailə Abbasova 2006-cı ildə oğlu Azər Abbasovun adına Qazax şəhəri ərazisindən 600 kvadratmetrlik həyətyanı torpaq sahəsi alıb və bunun üçün ödəniş də edib. Lakin üzərindən 19 il keçməsinə baxmayaraq, torpağa çıxarış ala bilmir.
Şikayətçi Nailə Abbasovanın szölərinə görə, bunun iki əsas səbəbi var. Birincisi, mənə məxsus torpaq kimlərinsə marağı naminə saxtakarlıqla başqasının adına keçirilib. İkinci səbəb isə torpağı aldıqdan iki il sonra həmin ərazidən yüksək gərginlikli elektrik xətti çəkilib və sahə mühafizə zolağına düşüb.”
Şikayətçinin təqdim etdiyi sənədlərə əsasən, 2006-cı ildə Qazax şəhər bələdiyyəsinin o zamankı sədri Ruslan Xasayev tərəfindən verilən sənəddə torpaq sahəsinin forması dörd bucaqlı göstərilib. Lakin 2021-ci ildə indiki bələdiyyə sədri Tofiq Orucovun imza və möhürü ilə torpağın sxemi trapes şəkilli sənədləşdirilib. Məhz bu uyğunsuzluq və sənədlərin üst-üstə düşməməsi Nailə Abbasovanın iddiasına görə torpağın dəyişdirilərək başqa şəxsə satıldığını göstərir.
Hazırda həmin ərazinin böyük hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və istifadəyə yararsız vəziyyətdədir.
Qazax şəhər bələdiyyəsindən bildirilib ki, vətəndaşın problemi ilə bağlı komissiya baxışı keçirilib və ona 6 sot torpaq sahəsi ayrılıb. Bələdiyyə sədri Tofiq Orucov isə məsələ ilə bağlı bildirib ki, ərazidə heç bir torpaq sürüşdürülməsi baş verməyib.
News365.az, Vəfa Vəliyeva