Prezident İlham Əliyev: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir”
Azərbaycan–Tacikistan
əlaqələri son illərdə çoxşaxəli şəkildə inkişaf edib. Strateji tərəfdaşlıq
sərhədlərində imzalanan sənədlər, maliyyə dəyəri böyük olan iqtisadi və sənaye
layihələri, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, həmçinin “yaşıl enerji”
və davamlı inkişafa yönəlmiş təşəbbüslər bu inkişafın əsas göstəriciləridir.
Azərbaycan və Tacikistan beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT,
İƏT, MDB və Qoşulmama Hərəkatında fəal əməkdaşlıq edir. Hər iki ölkə ərazi
bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. Tacikistan
Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim anlayışla qarşılayıb və
Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Prezident İlham Əliyevin çıxışında bu
dostluğun davamlı və səmimi olduğunu bir daha vurğulaması, münasibətlərin
siyasi əsasda sabit olduğunu göstərir. Son illər Azərbaycan ilə Tacikistan
arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Ticarət dövriyyəsində müsbət
dinamika müşahidə olunur. Enerji, nəqliyyat, kənd təsərrüfatı, tekstil və
infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın
nəqliyyat-logistika sahəsində yaratdığı yeni imkanlar (Zəngəzur dəhlizi,
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s.)
Tacikistan üçün də alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsi
baxımından strateji əhəmiyyət daşıyır.
İki ölkə
arasında hökumətlərarası komissiya fəaliyyət göstərir və mütəmadi görüşlər,
biznes forumlar keçirilir. Bu formatlar çərçivəsində əməkdaşlıq sahələrinin
dərinləşdirilməsi istiqamətində konkret addımlar atılır. Həmçinin əlaqələrin
genişləndirilməsi çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlıq
planları var. Azərbaycan Tacikistan arasında nəqliyyat yollarının inkişaf
etdirilməsi, logistika infrastrukturu və tranzit imkanlarının artırılması üçün
addımlar görülür. Mədəni həyat, təhsil və humanitar sahələrdə əlaqələrdə
çatdırılmış uğurlar da az deyil. Milli Kitabxanalar arasında əməkdaşlıq
memorandumları imzalanıb. Bu anlaşmalar kitabların, nəşrlərin, mədəni
materialların mübadiləsi, ortaq tədbirlərin keçirilməsi və mədəni-irsi qoruma
istiqamətində əməkdaşlığı nəzərdə tutur. Azərbaycan Mədəniyyət Günləri
Tacikistanda keçirilir; eyni zamanda Tacik mədəniyyət günləri Azərbaycanda
təşkil olunur. Bu tədbirlər xalqlar arasında mədəni yaxınlığı gücləndirir,
incəsənət, musiqi, folklor, kulinariya və digər sahələrdə ortaq layihələri
təşviq edir. Təhsil sahəsində Tacikistanlı tələbələrin, hərbi məktəblərin, ali
təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlığı mövcuddur; Tacikistanlı
kadetlər Azərbaycan hərbi-təhsil müəssisələrində hazırlıq alırlar.
Azərbaycan
və Tacikistan regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlı
tərəflərdir. Terrorizm, narkotik qaçaqmalçılığı, sərhədyanı cinayətkarlıq kimi
təhlükələrə qarşı mübarizədə əməkdaşlıq edilir. Bu xüsusda MDB formatında və
digər çoxtərəfli platformalarda birgə təşəbbüslər həyata keçirilir. Prezident
İlham Əliyevin 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilmiş MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı verdiyi bəyanatlar, xüsusilə
Tacikistan-Azərbaycan münasibətlərinə dair fikirləri iki ölkə arasında strateji
və dostluq əlaqələrinin dərinləşdiyini bir daha nümayiş etdirir. Prezident
İlham Əliyev çıxışı zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli
münasibətlərin ardıcıl və konstruktiv inkişafını vurğuladı: “Bu gün, həmçinin
Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını
qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və
böyük inkişaf potensialına malikdir”. Bu fikirlər iki ölkə arasındakı əlaqələrin
yalnız bu günü deyil, gələcəyini də əhatə edən mühüm bir perspektiv ortaya
qoydu.
Hazırda
müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik və digər
istiqamətlərdə qarşılıqlı maraq və etimada əsaslanan münasibətlər, iki ölkə
arasında sabit və davamlı əməkdaşlığın möhkəm təməlini təşkil edir.
Azərbaycanın və Tacikistanın strateji baxışları, qarşılıqlı hörmətə əsaslanan
siyasətləri regionda sülhə və tərəqqiyə mühüm töhfə verir. Gələcəkdə bu
münasibətlərin daha da genişlənməsi üçün ticarət dövriyyəsinin artırılması,
logistika və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, texnologiyanın
transferi və innovativ layihələrin həyata keçirilməsi kimi sahələrə xüsusi
diqqət yetirilməlidir.
Cənab
Prezident iclasda etdiyi çıxışında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı
elan olunması və bunun ətrafında aparılan humanitar əməkdaşlıq barədə verdiyi
mesajlar həm siyasi, həm də mədəni baxımdan dərin əhəmiyyətə malikdir. Bununla
bağlı dövlətimizin başçısı bəyanatla çıxış edərək təşəkkürünü bildirdi. Bu
təşəbbüs təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəni-tarixi irsə
verdiyi dəyərin göstəricisidir. Eyni zamanda bu hadisə, Ermənistanın 30 illik
işğalı dövründə viran edilmiş Laçının sürətli bərpasının və yenidən
dirçəlməsinin nümunəvi timsalıdır. MDB çərçivəsində humanitar sahədə əməkdaşlıq
siyasi və iqtisadi əməkdaşlıq qədər əhəmiyyətlidir. Laçın şəhərinin MDB-nin
mədəniyyət paytaxtı elan olunması bu baxımdan strateji və simvolik mahiyyət
daşıyır.
2025-ci ilin
iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin rəsmi açılış mərasimi
keçirildi. Tədbirdə bir sıra MDB ölkələrinin nümayəndələri, mədəniyyət
xadimləri, beynəlxalq qonaqlar iştirak etdilər. Onlar şəhərdə aparılmış geniş
bərpa və yenidənqurma işlərinin nəticələrini öz gözləri ilə gördülər. Tədbir
zamanı Azərbaycan xalqının bu torpağa nə qədər bağlı olduğu, bu yerlərin qədim
mədəniyyət ocağı kimi formalaşmış tarixi irsi bir daha beynəlxalq auditoriyaya
təqdim olundu. Laçının qədim memarlıq nümunələri, musiqi və sənət irsi, folklor
ənənələri və yerli mədəniyyət nümunələri tədbir iştirakçılarına təqdim edildi.
Bu açılış təkcə mədəniyyətin qeyd olunması deyil, həm də birliyin, əməkdaşlığın
və mədəni dirçəlişin bayramı idi. Prezident İlham Əliyev çıxışında xüsusi
olaraq MDB məkanında humanitar əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini
vurğuladı. Mədəniyyət sahəsində ortaq layihələrin həyata keçirilməsi ölkələr
arasında qarşılıqlı anlaşmanı və sülhü möhkəmləndirir. Laçın nümunəsində olduğu
kimi, ortaq tədbirlər vasitəsilə müxtəlif xalqlar bir-birinin mədəni irsini
daha yaxından tanıyır, ortaq dəyərlərə sahib çıxır. Laçın şəhərinin MDB-nin
mədəniyyət paytaxtı elan olunması, həm regionun, həm də Azərbaycanın
post-münaqişə dövründə əldə etdiyi uğurları nümayiş etdirir. Bu təşəbbüs eyni
zamanda göstərir ki, Azərbaycan təkcə öz ərazilərini fiziki olaraq bərpa etmir,
həm də onların mənəvi və mədəni ruhunu dirçəldir. Prezident İlham Əliyevin də
dediyi kimi, bu qədim Azərbaycan torpağı qısa zaman ərzində həm müasir şəhər,
həm də mədəniyyət mərkəzinə çevrilib. Laçın artıq təkcə Azərbaycanın deyil,
bütün MDB məkanının diqqət mərkəzindədir — bu isə regionda davamlı sülh və
inkişaf naminə əhəmiyyətli bir addımdır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi