Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında yaranan gərginliyə səbəbkar əsasən Rusiyadır.
Onun sözlərinə görə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Rusiya müstəqil və suveren dövlətlərlə qarşılıqlı əməkdaşlıq etməyi öyrənməli, onların daxili və xarici siyasətinə müdaxilə etməməlidir:
“Azərbaycan da, Ermənistan da müstəqil dövlətlərdir. Hər iki ölkədə Rusiyanın buraxdığı ciddi səhvlər var və bu, açıq şəkildə görünür. Bu ölkələrin öz xarici və daxili siyasətlərini müstəqil şəkildə yürütmək hüququ var. Rusiya isə bu müstəqilliyi qəbul etmək istəmir və daim təsir göstərməyə çalışır. Sual olunur: Rusiya bu təsir haqqını haradan alır?”
Əli Mustafa əlavə edib ki, məsələ bu şəkildə qoyulmalıdır – burada haqlı və haqsız tərəf aydın görünür:
“Cənubi Qafqaz dövlətləri azad və suveren ölkələrdir. Onlar öz xarici siyasət istiqamətlərini, tərəfdaşlarını seçməkdə tam sərbəstdirlər. Rusiyanın bu proseslərə qarışması beynəlxalq hüquqa ziddir.”
Politoloq Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasına da toxunub:
“1995-ci ildə Rusiya və Ermənistan arasında bu baza ilə bağlı müqavilə imzalanıb. Həmin dövrdə Ermənistan rəhbərliyi Rusiyaya yaxın fiqurlardan ibarət idi. Sonradan, 2010-cu ildə bu müqavilə yenilənib və müddəti 2044-cü ilə qədər uzadılıb. Bu da bir daha göstərir ki, Ermənistan uzun illər Rusiya təsirindən çıxa bilməyib.”