“Rusiyanın Cənubi Qafqazda gərginliyə səbəb olan iki əsas narahatlığı var” .
Siyasi ekspert Çingiz Məmmədov News365.az-a açıqlamasında bildirib ki, hazırda Cənubi Qafqazda müşahidə olunan gərginliyin iki əsas səbəbi var.
Onun sözlərinə görə, birinci əsas səbəb regionda formalaşan yeni status-kvodur:
“Bu yeni reallıq ilk növbədə Azərbaycanın öz suverenliyini tam şəkildə təmin etməsi və bölgədə yeni rolda çıxış etməsidir. Rusiya isə bu dəyişiklik fonunda Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Müxtəlif adlarla ifadə olunsa da, məqsəd aydındır – Moskva regionda hələ də söz sahibi olmaq istəyir.”
Ekspertin qeyd etdiyi ikinci səbəb isə Rusiyanın daxilindəki etnik müxtəlifliklə bağlıdır:
“Rusiya rəhbərliyi narahatdır ki, ölkədə yaşayan müxtəlif etnik qruplar – xüsusilə də azlıqlar – hər zaman Kremlin maraqları çərçivəsində davranmırlar. Xüsusilə də Ukraynada gedən müharibə və digər məsələlər fonunda bu qrupların bəziləri həm də mənsub olduqları millətin maraqlarını önə çıxarırlar. Məsələn, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu gün Azərbaycan vətəndaşı olmasalar da, milli məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyirlər.”
Çingiz Məmmədov əlavə edib ki, Rusiyada yerli rus əhalisinin – yəni etnik rusların – sayı artıq təxminən 2/3 təşkil edir. Qalan hissəni isə tarixən orada yaşayan tatarlar, başqırdlar, digər müsəlman xalqları və son illərdə ora köçmüş azərbaycanlılar təşkil edir.
“Bu sosial və etnik struktur da Rusiya hakimiyyətini narahat edən başqa bir amildir. Ona görə də həm regionda, həm də daxildə mövqelərini qorumaq üçün Moskva müxtəlif təzyiq üsullarına əl atır,” – deyə ekspert bildirib.