Rusiya və Ukrayna liderləri ilə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp müharibə edən iki ölkə arasında sülh danışıqlarının tezliklə irəliləyəcəyinə əminliyini ifadə edib.
News365.az xəbər verir ki, bu barədə “Fox News”un məlumatında bildirilib.
Qeyd edilib ki, Tramp Rusiya prezidenti Vladimir Putinin sülh sazişi istəyinin səmimiliyinə inanır.
ABŞ prezidenti deyib ki, o, Putinin müharibədən bezdiyinə inanır.
Zelenskinin sülh prosesinə kifayət qədər kömək edib-etmədiyi ilə bağlı suala o, belə cavab verib:
“Mən sizə təxminən iki həftədən sonra cavab verməyi üstün tuturam, çünki “bəli” və ya “yox” deyə bilmərəm”.
"Zelenski güclü oğlandır və onunla məşğul olmaq o qədər də asan deyil. Amma düşünürəm ki, o, dayanmaq istəyir. Mən bu suala iki və ya dörd həftə ərzində daha yaxşı cavab verə bilərəm. Ümid edirəm cavab bu olacaq ki, o bu problemi həll etmək istəyir", - Tramp əlavə edib.
ABŞ prezidenti yenicə işə başlayan Papa XIV Leo ilə bağlı da danışıb. O bildirib ki, yeni Papa da iki ölkə arasında sülhü təşviq etmək istəyir. Tramp Vatikanda sülh danışıqlarının aparılmasının "əla" olacağını bildirib.
Məlumata görə, Tramp sülh prosesinə zərər vurmamaq üçün hələlik yeni sanksiyalar tətbiq etmək istəmədiyini də bildirib.
Onun fikrincə, Ukrayna münaqişəsi Avropanın problemi olaraq qalmalı, ABŞ müdaxilə etməməli idi və Ukrayna məsələsində ciddi irəliləyiş olmasaydı, ABŞ nizamlanmadakı rolunu Avropaya verərdi.
Tram Ukraynada Amerika əsgərlərinin olmayacağını vurğulayıb. O, Rusiya və Ukraynaya təzyiqləri nə vaxt dayandıracağı ilə bağlı ağlında “qırmızı xətt”in olduğunu deyib, lakin bununla bağlı ətraflı danışmaqdan imtina edib.
ABŞ prezidenti Ukraynaya silah tədarükünün artırılması imkanlarını nəzərdən keçirəcəyini qeyd edib və ABŞ-ın Ukraynaya “xarici ölkə üçün rekord məbləğdə” yardım etdiyini vurğulayıb.