Uzun illərdir tanıdığım bir iş adamı var. O, uzun illərdir xarici ölkələrdən birində çalışıb və hal-hazırda Bakı şəhərində yaşayış binasının altında vaxtilə satın aldığı, özünə məxsus üç obyekti var idi. Təxminən 4–5 il əvvəl həmin obyektləri birləşdirərək məktəbəqədər təhsil layihəsi yaratmışdı. Təəssüf ki, layihədə uşaqların sayı çox deyildi — təxminən 30–40 nəfər. Bu yaxınlarda həmin iş adamı mənimlə əlaqə saxladı və görüşmək istədiyini bildirdi. Mən də bu təklifə müsbət yanaşdım. Görüşdük, söhbət etdik və mənə məktəbəqədər təhsil layihəsini daha da inkişaf etdirməyi təklif etdi. Mənə kifayət qədər cəlbedici bir müqavilə təklif etdi və mən bu təklifi qəbul etdim.
Məktəbəqədər təhsil müəssisəsini idarə edən rəhbər şəxs mənə bir siyahı təqdim etdi və həmin müəllimlərlə daha işləmək istəmədiyini bildirdi. Səbəbini soruşduqda isə müəllimlərin dərs keçmə prosesindən narazı olduğunu söylədi. Mən məsələni yalnız eşitdiklərim əsasında qiymətləndirmək istəmədim. Tənbəllik etmədən həm evdə, həm də işdə olduğum zaman sinif otaqlarında quraşdırılmış kameralar vasitəsilə müəllimlərin il ərzində dərs prosesini izlədim. Müəllimlərin fəaliyyətini şəxsən müşahidə etdikdən sonra onların əslində öz işlərinə məsuliyyətlə yanaşdıqlarını gördüm və bu müəllimlərin çörəyindən olmasını istəmədim. Mənim üçün insanın taleyi və əməyinin qiymətləndirilməsi hər hansı inzibati qərardan daha vacib idi. Bundan sonra məktəbəqədər təhsil müəssisəsini birbaşa idarə edən icraçı direktoru vəzifədən azad etmək və onun yerinə əvvəllər BİL Abituriyent Məktəbində tanıdığım, işinə son dərəcə məsuliyyətlə yanaşan və tərbiyəli insan olan Amil müəllimi gətirmək qərarına gəldim. Bu barədə məktəbəqədər təhsil müəssisəsini yaradan və onun sahibi olan şəxslə danışdım. Ona bildirdim ki, mövcud icraçı direktorla yolları ayırmaq və həmin vəzifəyə Amil müəllimi təyin etmək istəyirəm. Lakin sahibinin cavabı mənim üçün gözlənilməz oldu. O bildirdi ki, hazırkı icraçı direktor onun yeznəsidir və onu işdən çıxara bilməz. Mənim üçün burada əsas məsələ kiminsə kimə qohum olması deyildi. Mənim üçün əsas məsələ təhsil müəssisəsinin idarə olunması, peşəkarlıq, məsuliyyət və nəticə idi. Rəhbər vəzifəsində çalışan insanın həmin vəzifəyə hansı meyarlarla uyğun gəldiyini düşünmək lazım idi. Təəssüf ki, mənim bu mövqeyimə və fikrimə lazımi hörmət göstərilmədi. Bu səbəbdən də imzaladığım müqaviləni elə həmin mərhələdə ləğv etmək qərarına gəldim. Çünki mənim üçün hər hansı vəzifə və ya maddi maraq öz prinsiplərimdən, gördüyüm həqiqətdən və təhsil sahəsinə olan münasibətimdən üstün ola bilməz. Cəmi bir-iki gün əvvəl dostlarım mənə həmin məktəbəqədər təhsil müəssisəsinin bağlandığını söylədilər. Səbəbini soruşduqda isə valideynlərin böyük əksəriyyətinin öz övladlarını oradan çıxardığını bildirdilər. Bu hadisə mənə bir daha göstərdi ki, təhsil müəssisəsi yalnız divarlardan, sinif otaqlarından, reklamdan və maddi imkanlardan ibarət deyil. Təhsil müəssisəsinin əsas sərvəti düzgün idarəetmə, peşəkar müəllim, sağlam mühit və valideynlərin etimadıdır. Bu amillərdən biri belə ciddi şəkildə pozulduqda, ən yaxşı layihə belə öz ömrünü uzun müddət davam etdirə bilməz. Bir Allah şahiddir ki, mənim təkliflərimə razılıq verilsəydi, həmin məktəbəqədər təhsil müəssisəsinə tamam başqa bir fəlsəfə gətirmək niyyətində idim. Mən Nizaminin insan, elm, ədalət və mənəviyyat üzərində qurulan düşüncə dünyasından ilhamlanan bir təhsil modeli formalaşdırmaq istəyirdim. Məqsədim sadəcə uşaqların sayını artırmaq yox, valideynlərin etibar etdiyi, uşaqların sevə-sevə getdiyi və özünəməxsus fəlsəfəsi olan bir təhsil mühiti yaratmaq idi. Ətrafımda mənə inanan çoxlu dostlar var. Onların bir çoxu üçün maddiyyat əsas məsələ deyil. Mənə və mənim təhsil anlayışıma inandıqları üçün öz övladlarını həmin məktəbəqədər təhsil müəssisəsinə etibar edə bilərdilər. Mən hesab edirəm ki, düzgün idarəetmə, düzgün komanda və doğru yanaşma ilə qısa müddətdə həmin müəssisənin inkişaf etdirilməsi, uşaqların sayının yüzlərlə artırılması mümkün idi.
Bəlkə də bu gün kimsə düşünə bilər ki, mən bu layihədən imtina etməklə nəsə itirdim. Amma mən belə düşünmürəm. İnsan bəzən qazandığını deyil, imtina etdiyinin arxasında hansı həqiqətin dayandığını düşünməlidir. Əgər insan öz vicdanına, prinsiplərinə və gördüyü həqiqətə zidd gedərək hansısa işi davam etdirirsə, maddi qazanc əldə etsə belə, əslində böyük bir şey itirmiş olur. Həyatda hər hadisənin bir səbəbi, hər qapının açılmasının və bağlanmasının bir hikməti var. Biz bəzən istədiyimiz bir işin baş tutmamasını itki hesab edirik. Halbuki illər sonra geriyə baxanda anlayırıq ki, həmin qapının bağlanması bizi daha böyük bir problemdən qoruyub. Mən də bu hadisəyə belə baxıram. Bəlkə də Allah mənim həmin layihədə qalmağımı xeyirli hesab etmədi. Bəlkə qarşıda daha böyük və daha doğru bir yol var. İnsan hər şeyi əvvəlcədən görə bilmir. Biz yalnız səbəblərə müraciət edirik, nəticəni isə Allah müəyyən edir. Ona görə də bu hadisədən sonra heç bir təəssüf hissi keçirmirəm. Mən əlimdən gələni etdim, vəziyyəti araşdırdım, müəllimləri şəxsən müşahidə etdim, ədalətli qərar verməyə çalışdım və öz prinsiplərimə uyğun davranaraq yolumu ayırdım. Hər işdə bir xeyir var. Allah bizim haqqımızda nə qərar verirsə, şübhəsiz ki, onun içində bizim bilmədiyimiz bir xeyir vardır. Bəzən insanın planı yarımçıq qalır ki, Allah onun üçün daha doğru bir yol açsın. Bəzən bağlanan bir qapı əslində itki deyil, qorunmaqdır. Bəzən isə imtina etdiyimiz bir vəzifə və ya layihə gələcəkdə peşman olmamağımız üçün verilmiş bir fürsətdir. Mənim üçün əsas olan budur ki, insan hansı işi görürsə-görsün, sonunda öz vicdanının qarşısında rahat dayana bilsin. Çünki pul, vəzifə və mövqe müəyyən bir müddət insanın yanında olur. Amma insanın vicdanı ömrünün sonuna qədər onunla qalır.
Allah hər birimizin yolunu xeyirli, niyyətimizi təmiz, qərarlarımızı doğru etsin. Əgər bir qapı bağlanıbsa, deməli, qarşıda açılacaq başqa bir qapı var. Əsas məsələ isə o qapının arxasında nə olduğunu görməmişdən əvvəl belə Allaha güvənməyi bacarmaqdır.
Həsən Nağıyev, filosof